2020-ci ildə, Les Amis de Delage (“Delajın Dostları”) cəmiyyəti və Delage brendinin sahibi olan iş adamı Loran Tapi fransız avtomobil istehsalçısının yenidən həyata qaytarıldığını bildiriblər.
Delage D12 hiperkarı 2023-cü ildə seriyaya getməlidir, hələlik isə, brend yeni hiperkarın yol sınaqlarına başlayıb. Üstəlik, hazırda Delage şirkəti yeni modelin satışları ilə məşğul olacaq və onlara xidmət göstərəcək dilerlərlə müqavilələr bağlayır. Ümumilikdə, ABŞ bazarında cəmi 10 avtomobilin satılacağı bəyan edilib.
Delage şirkəti hiperkarın ilk prototipinin Fransadakı Circuit de Nevers Magny-Cours trekində sınaqlardan keçirildiyini bildirib. 2022-ci ilin yayında isə, avtomobil ABŞ üzrə reklam turnuna çıxmalıdır: hiperkar avqustda Kaliforniyada, sentyabrda isə Mayamidə nümayiş etdirilməlidir.
Şirkət potensial müştərilər üçün hiperkarın sınaq sürüşlərinin təşkil olunacağını da vəd edib. Delage markasının ilk dilerləri iki tanınmış avtosalon olub. Delage brendini Cənubi Kaliforniyada Newport Beach Automotive Group, Floridada isə Specialty Car Collection təmsil edəcəkdir.
Hiperkarların müştərilərə çatdırılmasına 2023-cü ilin ikinci yarısında başlanmalıdır. Cəmi 30 ədəd Delage D12 modeli yığılacaq, onlardan yalnız 10 ədədi ABŞ-da satılacaqdır.
Xatırladaq ki, Delage brendi 1905-ci ildə fransız avtomobil pioneri Lui Delaj tərəfindən təsis edilib. Şirkət yarış avtomobillərinin və dəbdəbəli modellərin, təyyarə mühərriklərinin istehsalı ilə məşğul olub, həmçinin müxtəlif Qran Prilərdə uğurla çıxış edib.
1920-ci illərdə Delage hətta Hispano-Suiza ilə rəqabət aparmağa çalışıb. 1935-ci ildə fransız markasını Delahaye şirkəti satın alıb. 1953-cü ildə isə şirkətin fəaliyyətinə son verilib - buna İkinci dünya müharibəsindən sonra Fransada yaranmış ağır iqtisadi vəziyyət səbəb olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.