Porsche 911 ailəsinin planlaşdırılan yeniləməsi ötən ilin yazında başlayıb və bu proses heç bir tələskənlik olmadan aparılır. Uzun müddətdir ki, əsas versiyalardan biri sayılan Carrera S modifikasiyası yalnız indi modernləşdirilib. Üstəlik, yenilənmiş “S” versiyası hazırda yalnız arxa ötürmə ilə təklif olunur. Bununla belə, kupe və kabriolet kuzovları arasında seçim mövcuddur.

Porsche brendinin iyerarxiyasında 911 Carrera S baza Carrera versiyası və Carrera GTS hibridi arasında yerləşir. Onun 3,0-litrlik biturbo mühərriki təkmilləşdirilib: indi güc qurğusu əvvəlki GTS modifikasiyasından götürülmüş daha səmərəli turbokompressorlara və Turbo versiyadan alınmış interkulərə malikdir. Mühərrikin gücü 450-dən 480 at qüvvəsinə qədər artıb, lakin fırlanma anı dəyişməz olaraq qalır - 530 Nm. Səkkiz pilləli PDK "robotu" dəyişməyib və bu, S versiyası üçün yeganə ötürmələr qutusudur.

Eyni zamanda, mühəndislər mühərriki daha sərt Euro 6e emissiya standartlarına uyğunlaşdırmalı olublar və əlavə ekoloji qurğular avtomobilin çəkisinə əhəmiyyətli dərəcədə təsir göstərib: kupe 60 kiloqram, kabriolet isə, 85 kiloqram ağırlaşıb! Əslində, çəkiyə əlavə eyni olub, lakin arxa oturacaqlardan imtina (indi pulsuz seçimdir) sayəsində kupedə 25 kiloqram qənaət əldə edilib. Kabriolet standart olaraq dörd oturacağa malikdir. Nəticədə, kupenin minimal təchiz edilmiş çəkisi 1540, kabrioletin isə, 1625 kiloqram təşkil edir.

Artan çəki şassinin yenidən tənizmlənməsini tələb edib. Yeni amortizatorlar quraşdırılıb, ön asqının kinematikası yenidən işlənib - bütün bunlar ailənin firma idarəetmə xarakterini qorumaq və yüksək sürətlərdə sabitliyi artırmaq üçün edilib. Əyləclər əvvəlki GTS benzin versiyasından götürülüb – öndə 408, arxada isə, 380 millimetrlir disklər quraşdırılıb. İdman buraxılış sistemi və özükilidlənən PTV+ differensialı standart təchizata daxildir. Seçimlərə 10 millimetr endirilmiş adaptiv PASM adaptiv asqısı və karbon-keramik əyləclər daxildir.

Təkmilləşdirmədən sonra kupe və kabrioletin maksimal sürət dəyişməyib (kupe və kabriolet üçün 308 km/saat), lakin avtomobillər daha dinamik olublar. Kupe 100 km/saat həddinə 3,5 saniyəyə, opsional Sport Chrono paketilə isə, 3,3 saniyəyə sürətlənir: bu, yenilənmədən əvvəlki avtomobildə olduğundan 0,2 saniyə azdır. Kabriolet də eyni irəliləyişə nail olub: standart versiya üçün 3,7 saniyə, Sport Chrono paketi ilə 3,5 saniyə. Kupe 200 km/saata 11,6 saniyəyə, açıq versiya isə, 12,3 saniyəyə sürətlənir: bu məsələdə yarım saniyə qazanmaq mümkün olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Carrera S sportkarının yenilənmiş versiyasının xarakterik xüsusiyyəti avtomobilin nömrə nişanı üçün meydançanın kənarlarında şaquli kəsikləri olan orijinal ön bamperdir. Üstəlik, bu bamper bölmələri həm qara, həm də kuzov rənginə boyana bilər. Qalan halda, restaylinq Porsche 911 sportkarının digər versiyaları ilə eyni ssenari üzrə aparılıb. Artıq Almaniyada yenilənmiş S versiyasına sifarişlər qəbul edilir, kupenin qiyməti 155 min avrodan, kabrioletin isə, 169 min avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.