Audi şirkəti əsas resurslarını elektromobillərinin yaradılmasına yönəldir, buna görə də daxili yanma mühərriki ilə hərəkətə gələn mövcud modellərin yenilənməsi qalıq prinsipinə uyğun olaraq həyata keçirilir. Belə ki, Audi Q8 flaqman krossoverinin planlaşdırılan restaylinqi onun debütdən beş il sonra baş verib. Üstəlik, yenilənmənin o qədər də genişmiqyaslı olmadığı ortaya çıxıb - alman istehsalçısı bahalı kuzov dəyişikliklərinə və ya texniki hissədəki təkmilləşdirmələrə sərmayə qoymayıb. Ən vacib təkmilləşdirmələr işıqlandırma cihazlarında baş verib.

Audi Q8

Məsələn, Q8 modelinin opsiyalar siyahısına ilk dəfə lazer-lüminifor uzaq işıqları olan matrisa fənərləri daxil edilib. Audi bu texnologiyanı tətbiq edən qabaqcıllardan biridir və belə fənərlər artıq alman brendinin bir çox bahalı modellərində quraşdırılır, buna baxmayaraq, bu opsiya yalnız indi Q8 modeli üçün əlçatan olub.  “Lazer” yalnız boş yolda və 70 km/saatdan yuxarı sürətlərdə işə düşür. Həmçinin gündüz hərəkət işıqlarının bir neçə naxışından seçim etmək imkanı da əlavə olunub.

Audi Q8

Artıq standart arxa fənərlərin də alternativi var. Əlavə ödəniş müqabilində parlaq və rəvan işığı ilə seçilən ən nazik üzvi işıq diodlardan (OLED) hazırlanmış optikanı quraşdırmaq olar. Bu işıqların bir neçə işıqlandırma sxemi də var, üstəlik onlar da adaptivdirlər: arxadan gələn avtomobil iki metrdən çox yaxınlaşarsa, sürücünün diqqətini cəlb etmək üçün elektronika əlavə bölmələri işə salır.

Audi Q8

Digər dəyişikliklər restaylinq üçün xarakterikdir: böyük hücrələri olan yeni radiator barmaqlığı, dəyişdirilmiş hava girişləri olan başqa bamperlər, təkər disklərinin yenilənmiş dizaynı. Yeri gəlmişkən, standart təkər diskləri artıq  20 düymlükdürlər, halbuki əvvəllər 19-düymlük disklər quraşdırılırdı. Baza kuzov dəsti ilə S line variantı arasındakı fərq gücləndirilib: birinci halda daha çox qara plastik var.

Audi Q8

Salondakı dəyişikliklər əsasən tərtibat materialları və dekorativ həllər səviyyəsindədir. Söhbət təkrar emal edilmiş materiallara keçiddən getmir, Audi Q8 üçün dəri və bütün ənənəvi opsiyalar hələ də əlçatandır. Media sistemdə MIB3 platformasından istifadə edilir, halbuki Volkswagen artıq onun növbəti iterasiyasını - MIB4 platformasını hazırlayıb.

Audi SQ8

Qeyri-hibrid modifikasiyaların Avropadakı çeşidi dəyişməyib. 45 TDI (231 at qüvvəsi) və 50 TDI (286 at qüvvəsi) versiyaları 3,0-litrlik V6 turbodizeli ilə təklif olunur, Audi Q8 55 TFSI krossoveri isə 340 at qüvvəli 3,0-litrlik V6 benzin turbomühərrikinə malikdir. Hər üç variant 48 voltluq startyor-generator, səkkiz pilləli “avtomat” və quattro tam ötürməsi ilə təchiz edilir.

Audi SQ8

Eyni zamanda, “bərkgedən” Audi SQ8 krossoveri də restaylinqdən keçib. İlkin olaraq, “bərkgedən” krossover güclü səkkizsilindrli dizel mühərriki ilə hərəkət gəlirdisə, cəmi bir il istehsal olunduqdan sonra alman istehsalçısı bu mühərrikdən imtina edib və onu 4,0-litrlik V8 TFSI benzin turbomühərriki ilə əvəzləyib. 507 at qüvvəsi və 770 Nm hasil edən mühərrik SQ8 modelini 100 km/saata 4,1 saniyəyə sürətləndirir. Audi SQ8 modelinin standart təchizatına pnevmatik asqı, aktiv stabilizatorlar və tam idarə olunan şassi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada yenilənmiş Audi krossoverlərinə sifarişlər artıq qəbul edilir. Almaniyadakı satış qiymətləri baza versiyası üçün 86 700 avrodan, Audi SQ8 üçün isə 119 500 avrodan başlayır. Plagin hibridlər və ən güclü Audi RS Q8 versiyası hələlik yenilənməyib və onlar daha sonra restaylinqdən keçəcəklər.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.