Audi A3 ailəsinin planlaşdırılan yeniləməsi demək olar ki, tamamlanıb. Bu ilin mart ayında mülki sedan və hetçbeklər, aprel ayında isə, “qaynar” S3 modelləri təqdim edilib. Növbə ekstremal Audi RS 3 versiyasınındır, lakin əvvəlcə o, Nürburqrinqdə sınaqdan keçirilib və burada yığcam avtomobillər üçün daha bir rekord qeydə alınıb.

Əslində, bu artıq ənənə halını alıb: üç il əvvəl Audi RS 3 sedanı təqdimatından  öncə artıq Nürburqrinq rekordunu qeydə almışdı. Daha sonra RS 3 modeli  məşhur treki 20,8 kilometrlik konfiqurasiyada 7 dəqiqə 40,748 saniyəyə keçərək Renault Megane RS Trophy-R hot-hetçini 4,64 saniyə qabaqlamışdı.

Bundan sonra yığcam avtomobillər arasında rekord 2023-cü ilin yayında 7 dəqiqə 38,706 saniyə zamanla dövrə vuran arxa ötürməli BMW M2 kupesinə keçib. İndi isə, yenilənmiş Audi RS 3 sedanının seriyaöncəsi versiyası M2 kupesini taxtından endirmək üçün zavod kamuflyajına bürünüb.

Məqsədə nail olunub: zavodun sınaq pilotu Frenk Stipplerin idarə etdiyi avtomobil “Şimal ilgəyini” 7 dəqiqə 33,123 saniyəyə başa vurub. Stipplerin fikrincə, yenilənmiş RS 3 modelinin əsas üstünlüyü arxa ötürməyə vurğulu o quattro transmissiyasıdır. O, yenidən sazlanıb və idman avtomobilinə döngələrdə daha çox izafilik və çeviklik əlavə edib. Pirelli P Zero Trofeo R yarı slikləri də bu işə mühüm töhfə veriblər.

Bununla belə, xüsusiyyətlər baxımından ciddi irəliləyiş gözlənilmir. Yenilənmiş Audi RS 3 beşsilindrli 2,5 TFSI turbomühərriki (400 at qüvvəsi, 500 Nm) qeyri tipik alışma sırası 1-2-4-5-3, opsional adaptiv amortizatorları və arxa oxda iki mufta quraşdırılmış tam ötürməli transmissiyası olan şassini saxlayacaqdır.

Yenilənmiş Audi RS 3 avtomobillərinə sifarişlər yayın sonunda açılacaq, dilerlərə çatdırılma isə, oktyabr ayında başlanacaq. Ancaq bundan əvvəl yenilənmiş RS 3 haqqında daha ətraflı məlumat veriləcək rəsmi təqdimat keçirilməlidir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.