Audi şirkəti Frankfurt avtosalonuna çoxsaylı yeniliklər ilə gəlmək niyyətindədir. Alman istehsalçısı artıq Q7 və A4 modellərini yeniləyib, A1 Sportback modelinin hündür klirensli A1 Citycarver modifikasiyasını da təqdim edibdir. Əlbəttə ki, Frankfurt sərgisinin ən maraqlı eksponatlarından biri də «bərkgedən» SQ8 krossoveri və A6/A7 modellərinin dizel mühərrikli «qaynar» S-versiyaları olacaqdır.
Lakin, bu hələ son deyil. İlkin məlumata görə, Audi Frankfurta yenilənmiş A5 ailəsini də gətirməlidir. Bunun əyani sübutu, bu günlərdə fotocəsuslara rast gələn yenilənmiş Audi S5 Sportback liftbeki və S5 Convertible kabrioletidir. Adı çəkilən modellərin üzərindəki kamuflyaj örtüyünün cüzi olması, artıq bu modellərin təqdimata hazır olduğundan xəbər verir.
Şəkillərdən də göründüyü kimi, S5 Sportback modeli yeni radiator barmaqlığına, daha iri hava girişləri olan ön bamperə , yeni kandarlara, yenilənmiş arxa bamperə və tərtibatı dəyişdirilmiş işıq texnikasına malik olacaqdır. İnteryerdəki dəyişikliklər gəldikdə isə, 12,3-düymlük virtual cihazlar panelinin, multimedia sisteminin 10,1-düymlük sensorlu displeyinin standart avadanlıqlar siyahısına daxil ediləcəyi gözlənilir.
Məlum məsələdir ki, Audi S5 modelləri də 342 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbodizel ilə təchiz ediləcəkdir. Güc aqreqatı səkkiz pilləli avtomatik qutu və quattro tam ötürməısi ilə tandemdə çalışacaqdır. 48 voltluq şəbəkədən qidalanan startyor-generator dizel mühərrikinə dəstək verəcəkdir.
Yenilənmiş A5 ailəsinin mühərrik çeşidinə yeni «yumşaq» hibridlər daxil ediləcəyi gözlənilir. Əlbəttə ki, 6-pilləli mexaniki ötürmələr qutusu və 7-diapazonlu S tronic «robotu», həmçinin quattro tam ötürməsi də təklif ediləcəkdir.