Son günlərdə Bentley şirkətinin dəbdəbəli Bentayga krossoveri barədə verilən məlumatlar müxtəlifliyi ilə seçilir. Sevindirici hal odur ki, krossover 20 minlik satış həddi ötüb, məyusedici xəbər isə, buraxılmış krossoverlərin üçdə birinin yanğın təhlükəsi səbəbilə geriyə çağrılmasıdır.
Daha bir xəbər, artıq dörd ildir ki, istehsal edilən krossoverin yenilənməyə məruz qalacağıdır. Qeyd etmək gərəkdir ki, hazırda Bentıey hər gün 14 krossover satır və gözlənilən yenilənmə bu rəqəmi artırmağa kömək etməlidir. Bentayga modelinin yenilənməsi barədə rəsmi məlumat verilməsə də, bu gün İnternet şəbəkəsində yenilənmiş krossoverin şəkilləri peyda olub.
Bu şəkillərin həqiqəti nə qədər əks etdirdiyini bilmirik, lakin əgər aşağı keyfiyyətə malik olan şəkillər reallığı nümayiş etdirirsə, yenilənmiş Bentayga krossoverinin düzbucaqlı radiator barmaqlığına, oval formalı ön fənərlərə və tamamilə yeni ön bamperə sahib olduğunu görə bilərik. Üstəlik, yeni dizayna malik olan təkər diskləri də diqqəti cəlb edir.
Digər şəkildə yenilənmiş avtomobilin salonu təsvir edilmişdir. İlk baxışdan krossoverin mərkəzi konsolunun tərtibatının tamamilə dəyişdirildiyini görürük: havalandırma sisteminin mərkəzi deflektorlarının yumru formaları düzbucaqlıya çevrilmiş, daha iri ölçülü sensorlu displeyi və yeni düymələr quraşdırılmışdır. Mərkəzi tunelin tərtibatı da yenidən nəzərdə keçirilmişdir. Çox güman ki, yenilənmiş Bentley Bentayga tamamilə rəqəmsal cihazlar panelini də əldə edəcəkdir.
Şəkildəki avtomobilin dördyerli salona malik olduğu da diqqəti çəkir. Buna baxmayaraq, krossoverin əvvəlki kimi, beş və yeddi yerli konfiqurasiyada təklif ediləcəyini əminliklə söyləmək olar. Yaranan bütün suallara, krossoverin yaxın vaxtlarda keçiriləcəyi ehtimal edilən təqdimatı cavab verəcəkdir.