BMW şirkətinin M idman bölməsinin rəhbəri Markus Flaş özünün Instagram sosial şəbəkəsindəki hesabında yenilənmiş M5 sedanının ilk şəklini yerləşdirib. "Bərkgedən" sedanın təqdimatının bir neçə həftə ərzində keçiriləcəyi ehtimal olunur.
Şəkildə yenilənmiş BMW M5 modelinin ön tərəfinin bir parçası əks olunubdur. Şəkildən də göründüyü kimi, yenilənmiş "bərkgedən" sedan karbondan hazırlanmış hava girişləri olan yeni aerodinamik kuzov dəstini əldə edib. Bundan başqa, M5 modeli adi BMW 5 Series sedan və universalının təchiz edildiyi lazer LED işıq texnikasına da sahib olacaqdır.
Yenilənmiş "bərkgedən" sedanın texniki xüsusiyyətləri hələlik açıqlanmayıb. Hazırkı BMW M5 sedanı 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4.4-litrlik V8 biturbo mühərriki ilə təchiz edilmişdir. Competition versiyasında güc aqreqatı 625 at qüvvəsi təklif edir.
"Bərkgedən" sedan 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir. M5 Competition isə, bu işə 3,3 saniyə sərf edir.