Yenilənmiş BMW X3 krossoveri İspaniyanın km77 avtomobil nəşrinin jurnalistləri tərəfindən sınaqdan keçirilib və portal üçün ənənəvi olan “sığır” testində iştirak edib. Sınaq çərçivəsində avtomobil kəskin şəkildə zolağı dəyişməli, avtomobil üçün ayrılmış dəhlizdə qalmalı və sonra öz zolağına qayıtmalıdır. Bütün bunlar yola düzülmüş konuslara toxunmadan həyata keçirilməlidir. İspan jurnalistləri X3 krossoverinin sınaqlarda yaxşı nəticə göstərdiyi qeyd ediblər.

Resursun adından göründüyü kimi, 77 km/saat sürəti “keçid” qiyməti hesab olunur və göstərilən sürətlə kəskin manevrlər etmək alman krossoveri üçün o qədər də çətin olmayıb. BMW X3 modeli “sığır” testinin öhdəsindən 81 km/saat sürətilə gəlib. Jurnalistlər bunun əla nəticə olduğunu, nəşrin sınaqdan keçirdiyi 300-dən çox avtomobildən yalnız bir neçəsinin belə nəticə əldə etdiyini vurğulayıblar.

Sınaq avtomobili hündürlüyü azaldılmış M-asqısı, 20-düymlük təkər diskləri və daha geniş şinlər ilə təchiz edilmiş BMW X3 xDrive 20d xLine dizel modifikasiyasında olub ki, bu da testin nəticələrinə təsir göstərə bilər. Amma istənilən halda, ekspertlər krossoverin davranışını hətta hazırlıqsız sürücü üçün belə təhlükəsiz və proqnozlaşdırıla bilən hesab edirlər.

“Sığır testi” ilə yanaşı, yenilənmiş krossoveri slalom testində də sınayıblar. Bu test zamanı, avtomobil qiymətləndirmə aparılan hissəni mümkün olan ən yüksək sürətlə qət etməlidir. Jurnalistlərin BMW X3 modelinin idarəetməsinə qarşı heç bir iradları yoxdur. Onlar yalnız ağır çəkinin və yüksək ağırlıq mərkəzinin krossoverin sürətinə təsir etdiyini vurğulayıblar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.