BMW şirkətinin İsveçrə filialı yenilənmiş Z4 rodsterinin xarici görünüşü üzərindəki sirr pərdəsini vaxtından əvvəl götürüb. Dərc edilmiş rəsmi şəkildə yeni bənövşəyi Thundernight Metallic rənginə boyanmış və M paket ilə təchiz edilmiş rodster təsvir olunub. Yenilənmiş Z4 modeli restaylinqdən əvvəlki rodsterdən iri üfüqi uzunsov hüceyrələrə malik olan fərqli radiator barmaqlığı, habelə dəyişdirilmiş hava girişləri olan ön bamperi ilə fərqlənir. İşıq texnikası və kapot dəyişməyib.
Casus şəkillərindən göründüyü kimi, BMW Z4 modelinin arxa hissəsində və salonunda ciddi dəyişikliklər gözlənilmir. Bu isə, yenilənmiş rodsterin ən son iDrive 8 multimedia sisteminə keçməyəcəyindən xəbər verir. Texniki hissədə də inqilab gözlənilmir, lakin bəzi bazarlarda sürprizlər ola bilər.
İnsayderlər hesab edirlər ki, restaylinqdən sonra altısilindrli mühərriki mexaniki transmissya ilə birlikdə sifariş etmək mümkün olacaqdır – beləliklə, üçpedallı BMW Z4 M40i modeli bazara çıxa bilər. Bundan başqa, dörd və altı silindrli mühərriklərin gücü cüzi miqdarda artırıla bilər.
Qeyri-rəsmi məlumatlara görə, yenilənmiş BMW Z4 rodsterinin təqdimatı yaxın zamanda baş tutmalıdır. Yenilənmiş rodsterlərin istehsalına noyabr ayında başlanmalıdır. Digər bir məlumata görə, yeni rodsteri ən son M2 kupesinin debütündən bir qədər sonra nümayiş etdirə bilərlər. Hazırda Bavariya brendi XM hibrid superkrossoverinin təqdimatına hazırlaşır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.