Jeep Grand Cherokee və onun ən yaxın qohumu olan Dodge Durango krossoverlərini Azərbaycanda yaxşı tanıyırlar. Jeep qədər populyar olmasa da, Dodge krossoverlərinə də küçələrimizə tez-tez rast gəlmək olar. Bir müddət bundan öncə, üçüncü nəsil Dodge Durango modelinin yenilənəcəyini bildirmişdik. Bu gün Dodge şirkəti yenilənmiş Durango ailəsini təqdim edib.
Amerikada Dodge markası idman imicindən fəal şəkildə istifadə edir və amerikan markasının dizaynerləri yenilənmiş krossoverin üzərində işləyərkən bu xüsusiyyətdən tam istifadə ediblər. Yenilənmiş krossover indi daha aqressiv görünür: xaçşəkilli tərtibatı olan radiator barmaqlığı kiçik özəkləri olan tor ilə əvəzlənib. Bundan başqa, Durango yeni bamperlərə və daha nazik LED fənərlərə sahib olub. Beşinci qapıdakı spoylerin ölüçləri də böyüdülüb.
Dodge Durango
Salonda baş vermiş dəyişikliklər daha ciddi xarakter daşıyır. Burada, sürücüyə tərəf yeddi dərəcəlik bucaqla istiqamətlənmiş mərkəzi konsolu olan tamamilə yeni ön panel quraşdırılıb. Əvvəllər olduğu kimi, mərkəzində spidometr "çəkilmiş" böyük ekranı olan cihazlar paneli mövcuddur. Yeni Uconnect 5 media sistemi 8,4 və ya 10,1 düymlük sensorlu ekran ilə təchiz edilə bilər. Əlavə olaraq, yeni multimedianın əvvəlkindən beş dəfə sürətli olduğu bildirilir. Yenilənmiş Dodge Durango əvvəlki kimi, iki və ya üç oturacaq cərgəsi ilə təklif edilir.
Dodge Durango
Texniki cəhətdən avtomobil dəyişməyib. SXT, GT və Citadel versiyaları (ən zəngin interyerə malikdir) 299 at qüvvəsi və 353 Nm firlanma anı hasil edən 3,6-litrlik V6 Pentastar mühərriki ilə təchiz edilirlər. Durango R/T modifikasiyası 365 at qüvvəsi və 529 Nm fırlanma anı hasil edən 5,7-litrlik V8 Hemi mühərrikinə malikdir. Bu versiyanın maksimal sürəti 233 km/saatdır. Belə krossoverlər yeni tənzimləməsi olan buraxılış sistemi sayəsində daha aqressiv səsə sahib olublar. Eyni mühərriki Citadel versiyası üçün sifariş etmək olar, ancaq səsboğucu sistem daha "sülhpərvər" olacaqdır. Bütün avtomobillər 8-pilləli TorqueFlite "avtomatı", arxa və ya tam ötürmə ilə təklif edilirlər.
Dodge Durango
Dodge Durango SRT modeli əvvəlki kimi 482 at qüvvəsi və 637 Nm fırlanma anına malik olan 6,4-litrlik V8 Hemi mühərriki və tam ötürmə ilə təklif edilir. Launch Control funksiyasını əldə etmiş krossover 60 mil/saat (97 km/saat) həddini 4,4 saniyəyə toplayır. Lakin, bu xarakteristikalar sizin üçün kifayət deyilsə, o zaman yenilənmiş Durango SRT Hellcat modifikasiyası qulluğunuzdadır. Bu günə qədər yalnız Dodge Charger sedanı və Challenger kupesində istifadə edilən indeks indi Durango üçün də əlçatandır.
Dodge Durango R/T
Dodge nümayəndələri Durango SRT Hellcat modelinin dünyanın ən güclü seriya krossoveri olduğunu iddia edirlər. Haqları da var! Modelin kapotunun altında şnekli kompressoru olan 6,2-litrlik V8 Hemi mühərriki yerləşir. Güc qurğusunun hasilatı 720 at qüvvəsi və 875 Nm fırlanma anı təşkil edir!!!
Bu, Dodge Durango SRT Hellcat krossoverinin Porsche Cayenne Turbo S (680 at qüvvəsi), Lamborghini Urus (650 at qüvvəsi) və hətta eyni mühərrikin 717 at qüvvəli versiyasına malik olan Jeep Grand Cherokee Trackhawk modellərini üstələdiyindən xəbər verir.
Dodge Durango R/T
Durango SRT Hellcat modeli gücləndirilmiş 8-pilləli "avtomat" ilə təchiz edilir. "Çılğın" krossover 60 mil/saat (97 km/saat) həddini toplamağa 3,5 saniyə sərf edir! Krossover ənənəvi dörddə bir mil dreq məsafəsini (402 metr) 11,5 saniyəyə qət edir ki, bu da, Porsche 911 Turbo və Nissan GT-R superkarları ilə eyni səviyyəsindədir. Krossoverin maksimal sürəti 290 km/saat təşkil edir. Eyni zamanda, Hellcat digər tamötürməli Durango modelləri kimi, 3950 kiloqrama qədər ağırlıqda qoşqunu yedəyə ala bilər.
Dodge Durango SRT Hellcat
SRT Hellcat modeli Durango SRT versiyasından ön bamperdəki əlavə hava kanalları ilə seçilir. Krossover adaptiv amortizatorları, alt çərçivələrə və kuzova möhkəmləndirilmiş bərkitmə nöqtələri olan yenidən tənizmlənmiş asqı sistemi ilə təchiz edilib. Brembo əyləc mexanizmləri də gücləndirilib: ön tərəfdə 400 millimetrlik diskləri olan altıporşenli ("adi" SRT-də 380 millimetrdir), arxada isə 350 millimetrlik disklər olan dördporşenli əyləc mexanizmləri quraşdırılıb.
Dodge Durango SRT Hellcat modeli 2021-ci ilin əvvəlindən yayın ortalarına qədər satışda olacaqdir. Formal olaraq modelin tirajı məhdudlaşdırılmayıb Yenilənmiş Durango modelinin digər versiyaları isə, bu payızdan başlayaraq ABŞ bazarında satılacaqdırlar.