Ləğv edilmiş Cenevrə avtosalonu Mercedes-Benz şirkəti və onun yenilənmiş E-Class modeli üçün əla start meydançası ola bilərdi. Lakin, Cenevrə avtosalonu koronovirusa təslim olub. Rəhmətlik nənəm demişkən – “oldu ilə, öldüyə çarə yoxdur”, odur ki, alman istehsalçısı da vəziyyəti qəbul edərək, tizer yağışını davam etdirmək qərarına gəlib.
Bu gün səhər adi Mercedes-Benz sedanına həsr olunmuş videotizeri seyr etmisiniz. İndi isə, Mercedes-Benz E-Class modelinin bütün yollar üçün nəzərdə tutuduğu All Terrain versiyasının növbəsidir. Məlumdur ki, E-Class sedan, kupe və universal versiyaları ilə yanaşı yüksək keçişli universal modifikasiyasında da təklif edilir. Müvafiq olaraq, bu modifikasiya da yenilənmələrdən nəsibini alıb.