Fotocəsuslara, Amerika Birləşmiş Ştatlarında Ford Fusion adı altında satılan sedanın yenilənmiş variantının kamuflyajsız şəkillərini çəkmək şansı nəsib olmuşdur. Avropada və Azərbaycanda bu avtomobil daha çox Mondeo adı ilə tanınır. Şəkilləri motor1.com saytı bu gün dərc etmişdir. Yenilənmiş Fusion modelinin rəsmi təqdimatı yanvar ayının 11-də Detroyt avtomobil sərgisində baş tutmalıdır.
Fotoşəkillərdən göründüyü kimi, avtomobilin ön fənərləri, radiator barmaqlığı yenilənəcək və ön bamperdəki havalandırma cərçivələrinin forması dəyişəcəkdir. Avtomobilin arxa hissəsində də dəyişikliklər var: bunlar yenilənmiş arxa bamper və xrom xəttlə «bölünən» fənərlərdir.
Mondeo, Blackberry tərəfindən hazırlanmış QNX platformasında fəaliyyət göstərən yeni SYNC 3 multimedia kompleksi ilə təchiz ediləcək. Ford kompleksin interfeysini yeniləyəcək, sensorlu ekranın toxunuşa daha tez reaksiya verməsini təmin edəcək və səs ilə idarəetməni daha mükəmməl edəcəkdir.
Şəkillərdə seyr etdiyimiz avtomobil buraxılış sisteminin dörd borusu və arxa spoyləri ilə seçilən Sport variantıdır. Bu avtomobil EcoBoost ailəsindən olan 315 at qüvvəli 2,7-litrlik altı silindirli turbomühərriklə təchiz edilir.
Bundan əlavə, bu ailəyə 1,5 (181 a.q.) və 2,0 (240 a.q.) litrlik turbomühərriklər daxildir.
Bütün mühərriklər altı pilləli «avtomat» ilə birlikdə çalışırlar. Amerika bazarında avtomobil həmçinin, tərkibinə 2,0-litlik mühərrik və variator daxil olan 141 at qüvvəli hibrid güc aqreqatı ilə də təklif edilir.