Bu gün internet şəbəkəsində yenilənmiş Ford Mustang GT modelinə həsr edilmiş videoçarx peyda olmuşdur. «Mustang6g» saytı tərəfindən yayınlanmış çarxda avtomobilin ön və arxa hissəsinin dizaynının cüzi şəkildə dəyişdirildiyi nəzərə çarpır.
Bir çoxları, restaylinqdən sonra Mustang modelinin mühərrik çeşidindən 3,7-litrlik altı silindrli atmosfer mühərrikinin çıxarılacağını ehtimal edirlər. Beləliklə, Ford Mustang GT 310 at qüvvəli 2,3-litrlik dörd silindrli turbomühərrik və 435 at qüvvəli 5,0-litrlik səkkiz silindrli güc qareqatı ilə təchiz ediləcəkdir. Bundan başqa sportkar, Ford və General Motors şirkətlərinin birgə məhsulu olan 10-pilləli avtomatik ötürmələr qutusunu əldə edəcəkdir. Hal-hazırda Mustang yalnız altı pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Avtomobilin opsiyalar siyahısına adaptiv asma sistemi də daxil edilməlidir. Hələlik bu asma ancaq sportkarın 526 at qüvvəli «bərkgedən» variantları olan Shelby GT350 və GT350R modifikasiyaları üçün təklif edilir.