Genesis markası yenilənmiş G70 sedanını təqdim edib.Plan üzrə yenilənən sedan çox sayda dəyişikliklərə məruz qalıb. Yığcam sedanı markanın müasir model çeşidində uyğunlaşdırmaq üçün, onun eksteryer dizaynını G80 və GV80 modellərində tətbiq edilmiş yeni korporativ dizayn üslubunda tərtib ediblər. Kuzovunn ön hissəsi tamamilə yenidir: restaylinq edilmiş G70 iki mərtəbəli fənərlərə və beşbucaqlı radiator barmaqlığına sahib olub. Təkər tağının arxasında təfərində quraşdırılmış hava kanalına malik olan ön qanadlar da yenidir.
Arxa hissədə dəyişikliklər bir qədər azdır. Arxa işıq texnikası da ikimərtəbəli bölmələrə malik olub, nömrə yeri isə baqaj qapağından bamperə keçib. Yeni təkər diskləri də təklif edilirlər. Gövdənin orta hissəsi eyni qalsa da, Genesis G70 həqiqətən imicini dəyişdirib.
Salondakı dəyişikliklər bu fonda cüzi görünürlər. İnteryerdə baş verən əsas dəyişiklik 10.25-düymlük ekranına, "hava" üzərindən yeniləmə qabiliyyətinə və genişləndirilmiş onlayn imkanlara sahib yeni media sistemidir. Xatırladaq ki, virtual cihazlar paneli G70 modelinin avadanlıq siyahısına iki il bundan əvvəl daxil edilib.
Genesis şirkəti Cənubi Koreyada satılacaq modelin mühərrik çeşidi haqqında məlumat verib. G70 sedanı vətənində əvvəlki kimi, 252 at qüvvəli 2.0-litrlik və 370 at qüvvəli 3.3-litrlik benzini turbomühərrikləri və 202 at qüvvəli 2.2-litrlik turbodizel ilə təklif ediləcəkdir. Yenilənmiş Genesis G70 modelinin Cənubi Koreyadakı satışlarına bu ilin oktyabr ayında başlanacaqdır. Ən maraqlısı odur ki, Kia Stinger liftbekində tətbiq edilən yeni 2.5-litrlik turbomühərrik G70 modelinə qismət olmayıb.
Bununla belə, ixrac bazarlarında mühərrik seçimi fərqli ola bilər. Yenilənmiş sedan haqqında ətraflı məlumat satışların başlanmasına yaxın təqdim olunacaqdır. Genesis G70 modelinin qlobal satışlarının ilin sonunda başlanacağı gözlənilir.