Hyundai şirkətinin premium subbrendi olan Genesis markası G90 flaqmanı və G80 biznes sedanını yenilədikdən sonra, bütün diqqətini sedanların ən yığcamına - G70 modelinə yönəldib.
Bu günlərdə, yenilənmiş Genesis G70 modelinin güclü kamuflyaja malik olan sınaq prototipi, Nürburqrinq trekində dövrələr vurarkən casuslar tərəfindən qeydə alınıb. Güclü kamuflyajın olmasına baxmayaraq, yığcam sedanın koreya brendinin tanınan cəhəti olan ikimərtəbəli işıq texnikası ilə təchiz edildiyi görmək olar. Bundan başqa, radiator barmaqlığı da tam örtülməyib və onun ölçülərinin böyüdülməsi də diqqəti çəkir. Ən maraqlısı odur ki, Genesis G70 sedanı texniki əkizi olan Kia Stinger modeli ilə birlikdə sınanır. Xatırladaq ki, Kia Stinger liftbekinin də yenilənməsi gözlənilir.
İstehsalçı yenilənmiş Genesis G70 modelinin 2,0-litrlik turbomühərrikinin Hyundai Sonata N-Line modelindən tanış olan 2,5-litrlik aqreqata əvəzlənəcəyini bildirib. Bu mühərrikin hasilatının 294 at qüvvəsi və 420 Nm olacağı gözlənilir. Çox güman ki, güc aqreqatı Veloster N modelindən tanış olan 8-pilləli robotlaşdırılmış transmissiya ilə tandemdə çalışacaqdır.
Yenilənmiş Genesis G70 sedanının təqdimatının bu ilin sonuna qədər keçirilməsi planlaşdırılıb. Yaxın gələcəkdə 70 seriyasından olan avtomobillərin sayının üçə çatması gözlənilir: sedana universal və krossover qoşulmalıdır.