Genesis şirkətini intensiv şəkildə model xəttini yeniləməklə məşğuldur. Premium Koreya markası artıq flaqman G90 sedanının, biznes sinifindən olan G80 modelinin yeni nəsillərini təqdim edib. Model xəttində nəsil dəyişdirməyən yeganə model yığcam ölçülü Genesis G70 sedanıdır. Lakin, G70 modeli hələlik nəsil dəyişdirmək niyyətində deyil - Cənubi Koreya istehsalçısı modeli yeniləməyə üstünlük verib. Üstəlik, G70 modelinin universal kuzovlu variantının da debütü gözlənilir.

Bu günə qədər, yenilənmiş Genesis G70 modeli casuslara yalnız ciddi kamuflyaj örtüyü ilə rast gəlib. Bu gün isə, Aytospy portalı yenilənmiş sedanın kamuflyajsız şəkillərini yayımlayıb.  Dərc edilmiş şəkillərdən göründüyü kimi, Cənubi Koreya markasının model xəttindəki yığcam sedan da, iri modellər kimi iki pilləli optikanı əldə edib.

Yenilənmiş Genesis G70 modeli böyük G80 sedanı və GV80 krossoveri kimi yeni firma radiator barmaqlığına, həmçinin iri hava girişləri olan ön bamperə sahib olub. Arxa tərəfdə isə səsboğucu sistemin oval çıxış borularını, arxa bamperə köçürülmüş nömrə nişanı yerini və baqaj qapağındakı loqotipi əvəzləmiş Genesis yazısını görmək olar.

Yenilənmiş sedanın texniki hissəsində baş vermiş dəyişikliklər barədə hələlik heç bir məlumat verilməyib. Hazırda Azərbaycan bazarında təklif edilən Genesis G70 sedanı 245 at qüvvəli 2,0-litrlik turbomühərrik və 8-pilləli avtomatik transmissiya ilə təchiz edilir.