Yenilənmiş Genesis G80 sedanı üzərindəki sirr pərdəsi tamamilə götürülüb. Bir müddət bundan öncə, Cənubi Koreya istehsalçısı sedanın yalnız rəsmi şəkillərini dərc edib. İndi isə, onun mühərrik çeşidi və satış qiymətləri barədə məlumatı yayıb.
Genesis G80 sedanı GV80 krossoveri ilə eyni ssenari üzrə yenilənib. O, mikrolinza texnologiyasına malik olan Two-Line LED optikasını, habelə multimedia sisteminin və cihazlar panelinin ekranlarını özündə birləşdirən genişformatlı OLED paneli əldə edib. Radiator barmaqlığında ikiqat tor, yeni dizaynlı 20-düymlük təkər diskləri peyda olub, kuzovun rəng palitrasına Bruclean Brown çaları əlavə edilib.
Bununla belə, mühərrik çeşidində sürprizlər yoxdur. G80 sedanı Cənubi Koreyada əvvəlki kimi, 304 at qüvvəli 2,5-litrlik “turbodördlük” və ya 380 at qüvvəli 3,5-litrlik V6 tvin-turbo mühərriki ilə satışa çıxarılacaq. Hər iki mühərrik səkkiz pilləli avtomatik transmissiya, arxa və ya tam ötürmə ilə tandemdə çalışa bilər. Yeniliklər arasında asqının yaxşılaşdırılmış sazlamaları var ki, bunun sayəsində avtomobil daha komfortlu olub.
Modifikasiya çeşidində dönən arxa təkər mexanizmləri və e-LSD differensialı olan tam idarələnən şassi ilə təchiz edilmiş ən yüksək səviyyəli G80 Sport versiyası da var. Əgər adi sedanın qiyməti 58 900 000 vondan (77 400 manat) başlayırsa, Sport versiyası üçün koreyalılar 62 900 000 von (82 600 manat) ödəməli olacaqlar. Yenilənmiş Genesis G80 sedanı digər bazarlarda 2024-cü ildə debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.