Mercedes-Benz şirkəti yenilənmiş GLA krossoverinin ilk tizerini dərc etmişdir. Yenilənmiş Mercedes-Benz GLA-Class modelinin ilk kütləvi təqdimatı 9 yanvar tarixində işinə başlayacaq Detroyt avtosalonunda keçiriləcəkdir.
Yenilənmiş yığcam krossover dəyişdirilmiş radiator barmaqlığına, fənərlərə və ön bamperə malik olacaqdır. Avtomobilin arxa hissəsində, interyerində və mühərrik qammasında baş vermiş dəyişikliklər barədə heç bir məlumat verilməmişdir. Xatırladaq ki, keçən ilin yayında alman istehsalçısı yeni modellərin istehsal planını dərc etmişdi. Bu planda 2017-ci ildə yenilənmiş S-Class modelinin, E-Class kabrioletinin və GLA modelinin kupeşəkilli variantının təqdim ediləcəyi bildirilmişdir. Lakin, sonradan Mercedes-Benz bu plana dəyişiklik etmiş və GLA Coupe modelini GLA modelinin yenilənmiş variantı ilə əvəz etmişdir. Eyni zamanda, GLA modelinin ikinci nəslinin əsasında yaradılacaq kupeşəkilli krossoverin 2019-cu ildə debüt edəcəyi barədə də məlumat dərc edilmişdir.