Yaxın günlərdə Çində yenilənmiş Hyundai Verna modelinin təqdimatı keçiriləcəkdir. Bizim bazarda Hyundai Accent adı ilə satılan model artıq Çindəki dilerlərə çatdırılıb. Yerli KİV-lər avtomobilin təqdimatının 5 sentyabr tarixində baş tutacağını söyləyirlər.
Yenilənmiş avtomobil əvvəlkindən daha çıxıntılı ön bamperi, dəyişdirilmiş radiator barmaqlığı və təkmilləşdirilmiş ön işıq texnikası ilə fərqlənir. Arxa hissədə isə, işıqlanan zolaqla birləşdirilmiş arxa fənərləri görmək olar. Sertifikasiya sənədlərində avtomobilin restaylinqdən öncəki variantdan 25 mm uzun olduğu da birlirilib. 4405 mm uzunluğa malik olan modelin təkər bazasının genişliyi dəyişməyib - 2600 mm.
Yenilənmiş Verna/Accent modelinin interyerində ciddi dəyişikliyin olacağı gözlənilmir. Çox güman ki, avtomobil iri displeyi olan təkmilləşdirilmiş multimedia sistemi ilə təchiz ediləcəkdir. Bahalı versiyalar virtual cihazlar paneli, LED işıq texnikası, adaptiv fənərlər, zolağa nəzarət sistemi və toqquşmaları xəbərdar edən sistem ilə təchiz olunacaqdırlar.. Hyundai Verna modeli standart olaraq 100 at qüvvəli 1,4-litrlik mühərrik ilə təchiz ediləcəkdir. Modelin yenilənmədən öncəki versiyası 123 at qüvvəli 1,6-litrlik mühərrik ilə də təklif edilirdi.
Yenilənmiş Hyundai Verna modelinin Çindəki satışlarına dördüncü rübdə başlanacaqdır.
Mənbə: info.xcar.com.cn