İkinci nəsil Hyundai Creta modeli 2019-cu ildə debüt edib və yeni krossoverin dizaynı bir çox mübahisələrə səbəb olub. İki il sonra, Creta modelinin İndoneziyada istehsalına başlanması ərəfəsində Hyundai yığcam krossoverin yenilənməsini həyata keçirib. Restaylinq keçmiş Creta modeli Tucson krossoverinin üslubunda görünüşə sahib olub.
İndi isə, Hindistanda satılan Creta krossoverinin yenilənmiş versiyası debüt edib. Yeniləmə daha geniş miqyaslıdır: Creta indi daha çox Santa Fe və Palisade modellərinə bənzəyir, daha müasir interyerə və yeni turbomühərrikə sahib olub.
Hyundai Creta yan tərəfin və damın formasını saxlamaq şərti ilə, yeni ön və arxa hissənin yeni dizaynına sahib olub: yan tərəfdən yeniliyi yalnız yeni dizaynlı 17 və 18 düymlük təkər diskləri sayəsində ayırd etmək mümkündür. Krossover daha böyük radiator barmaqlığını və yeni gündüz hərəkət işıqlarını birləşdirən diod zolağı alıb.
Bənzər həlldən arxa tərəfdə də istifadə olunub ki, bu da Creta modelini bir qədər Grand Vitara krossoverinə bənzər edir. Altı kuzov rəngi təklif olunur: o cümlədən qara damla birləşdirilən ağ Atlas White Dual Tone və yeni tünd yaşıl Robust Emerald Pearl.
Bəzi çatışmazlıqlar var: “Autocar India” nəşrinin bildirdiyinə görə, inteqrasiya olunmuş displeylər bəzi sərnişinlər üçün alçaq və narahat ola bilərlər. Oturacaqlar çiyin zonasındakı dəstəyi təmin etmirlər, tərtibatın keyfiyyəti isə, elə də yüksək səviyyədə deyil.
Arxa sərnişinlər üçün iki USB Type-C portu, baş dayağındakı yastıqlar və günəş pərdələri nəzərdə tutulub. Baqaj, əvvəlki kimi, 433 litr yük götürür, arxa oturacaq isə 60:40 nisbətində qatlanır.
Salonda 10,25 düymlük rəqəmsal cihazlar panelini və multimedia sisteminin üç tərtibat variantına malik olan ekranını birləşdirən vahid klaster quraşdırılan tamamilə yenidən işlənmiş ön panel var. Cihazlar panelinin iri günəşliyi keçmişdə qalıb, lakin Hyundai fiziki idarəetmədə elementlərindən imtina etmək fikrində deyil: əsas ekranın altındakı idarəetmə panelində düymə və şaybaları görmək olar.
Avadanlıq siyahısında da yeniliklər var. Krossoverin təchizatına altı təhlükəsizlik yastığı, ikizonalı klimat-kontrol, lyuklu panoram dam, 360 dərəcəlik kameralar, telematika və səkkiz dinamikli Bose audio sistemi daxildir.
Creta krossoveri 19 köməkçidən ibarət olan ikinci səviyyəli ADAS kompleksini də alıb. Bu kompleksə təcili əyləcləmə və zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrol da daxildir.
Mühərrik çeşidinə gəlincə, buradakı əsas yenilik 140 at qüvvəli 1,4-litrlik aqreqatını əvəz edən 160 at qüvvəsi və 253 Nm fırlanma anı hasil edən 1,5-litrlik benzin turbomühərrikdir. O, yeddi pilləli preselektiv "robot" ilə tandemdə çalışır.
Digər iki mühərrik – 1,5-litrlik atmosfer benzin mühərriki və turbodizel çeşiddəki yerlərini qoruyublar. Birinci mühərrik 115 at qüvvəsi hasil edir və mexaniki transmissya və ya variator, ikincisi isə, altı pilləli avtomatik transmissiya ilə təchiz edilir. Ötürmə - əvvəlki kimi ön oxadır.
Hindistanda yenilənmiş Hyundai Creta krossoverinin qiyməti 1,1 -2,0 milyon rupi (22,5 – 40,9 min manat) arasında dəyişir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.