İkinci nəsil Creta modeli bizim bazarda yenilik hesab olunur. Əslində bu krossover 2019-cu ildə Çində Hyundai ix25 modeli qiyafəsində debüt edib. Buna baxmayaraq, bu gün Hyundai şirkəti Creta krossoverinin yenilənmiş versiyasını təqdim edib. Hətta, Koreya avtomobil istehsalçılarının standartlarına görə, modelin debütündən iki il sonra aparılmış restaylinqi qabaqlayıcı hesab etmək olar. Ancaq Creta modelinə gəldikdə bu çox düzgün bir addımdır: krossoverin yeni “üzə” ehtiyacı vardı.
Yenilənmiş krossover uzaq İndoneziyada təqdim olunub. Hyundai burada yeni zavodunu inşa edib və plana əsasən, Creta onun konveyerindən çıxan ilk model olacaqdır - əlbəttə ki, yeni sima ilə. Böyük ehtimalla, yenilənmiş modelin hazırlığı sadəcə yerli müəssisənin fəaliyyətə başlaması tarixinə təsadüf edib. Əgər onu əvvəlki Creta ilə müqayisə etsək (bu avtomobillər Hindistan və Braziliyada da istehsal olunur), o zaman krossoverin yalnız ön hissəsinin dizaynının dəyişdiyini görə bilərik.
Avtomoblin ön hissəsinin tərtibatı yeni nəsil Hyundai Tucson modelinin üslubundadır. Əsas fənərlər aşağıda yerləşir, gündüz hərəkət işıqları isə nəhəng radiator barmaqlığının yan hissələrinə quraşdırılıb və sönülü vəzyyətdə özlərini biruzə vermirlər. Krossoverin uzunluğu 15 millimetr artaraq 4315 millimetrə çatıb. Arxa tərəfdəki yeganə dəyişiklik, arxa bamperin aşağı hissəsindəki başqa örtükdən ibarətdir. Təkər disklərinin ölçüsü yalnız 17 düym ola bilər.
İnteryerə gəlincə, İndoneziya üçün nəzərdə tutulmuş Creta modeli, indiyə qədər yalnız Hindistanda buraxılan üç cərgəli uzadılmış versiya üçün təklif olunan 10,25-düymlük virtual cihazlar paneli ilə təchiz edilir. Ancaq yerli avtomobillər yalnız səkkiz düymlük ekranı olan baza multimedia sistemi ilə təklif olunurlar . Baqajda üçüncü sıranın quraşdırılacağı ilə bağlı məlumat təsdiqini ttapmayıb, lakin belə bir opsiya daha sonra təklif edilə bilər.
Yenilənmiş Creta İndoneziyada yalnız bir mühərriklə təklif olunur - 115 at qüvvəli 1,5-litrlik Smartstream atmosfer aqreqatı ilə. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu və ya IVT variatoru ilə təchiz edilə bilər, ancaq ötürmə yalnız ön oxa olacaqdır: Cənub-Şərqi Asiyada belə avtomobillərin alıcılarına 4x4 transmissiyası lazım deyil. Buna baxmayaraq, dartmaya nəzarət elektronikasının iki “ofroud” rejimi var - qum və palçıq üçün.
Yenilənmiş Hyundai Creta modelinn İndoneziyadakı satışlarına tezliklə başlanmalıdır. Yenilənmiş krossover 19.500 dollardan başlayan qiymətlərlə satılacaqdır. Yenilənmiş Creta krossoverinin Hindstanda 2022-ci ilin ortalarında satışa çıxması gözlənilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.