Hyundai şirkəti Cənubi Koreyada yenilənmiş Avante modelinin “idman” modifikasiyasını təqdim edib. Hyundai Avante Sport modeli 204 at qüvvəsi hasil edən 1,6-litrlik turbomotor ilə təchiz edilir. Bu mühərrik Hyundai Veloster və Kia Ceed GT modellərindən tanışdır. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu və yeddi diapazonlu iki muftalı “robot” ilə tandemdə çalışır.
Hyundai Avante Sport modeli klirensi beş millimetr azaldılmış və daha sərt xarakteristikaya malik olan asqı, 18-düymlük təkər diskləri və diametri böyüdülmüş əyləc mexanizmləri ilə təchiz edilir. Zahiri cəhətdən “idmançı” Elentra adi modeldən cüzi fərqlənir. Hyundai Avante Sport özəklərdən ibarət radiator barmaqlığı, kandar əlavələri, səsboğucu sistemin cütlənmiş çıxış boruları və xüsusi dizaynlı ikirəngli təkər diskləri ilə seçilir.
Avtomobilin interyerində olan fərqlər daha nəzərə çarpandır. Burada yan dəstəyi gücləndirilmiş oturacaqlar, dəri ilə örtülmüş və qırmızı tikişləri olan aşağı hissəsi “kəsilmiş” sükan çarxını görmək olar. Cihazlar paneli də xüsusi dizayna malik olub. Bundan başqa, robotlaşdırılmış qutusu ilə təchiz edilən avtomobillər ötürmələr qutsunun sükanaltı dəstəyi ilə təchiz edilirlər.