Hyundai şirkətinin Santa Fe krossoverini yeniləmək niyyətində olduğu artıq hər kəsə bəllidir. Diribaş casuslar sayəsində örta ölçülü krossoverin Çin və qlobal bazarda satılacaq versiyalarının interyeri ilə tanış ola bilmişik. Bu gün isə, istehsalçı özü hərəkətə keçərək, yenilənmiş krossoverin iki tizerini dərc edib.
Doğrudur, son aylarda casuslar avtomobilin salonuna göz gəzdirməyə müvəffəq olsalar da, sınaqdan çıxarılan prototiplərin güclü kamuflyajla örtülməsi onun eksteryerində baş vermiş dəyişikliklər barədə fikir bildirməyə imkan verməyib. Xoşbəxtlikdən, bu gün dərc edilmiş tizerlər bu çatışmamazlığı qısmən aradan qaldırıblar.
Ən nəzərə çarpan dəyişiklik, yenilənmiş Santa Fe modelini öncəkindən, eləcə də digər Hyundai modellərindən fərqləndirən T-şəkilli gündüz hərəkət işıqlarıdır (GHİ). Bundan başqa, krossoverə cəsarətli xarakter bəxş edən və həndəsi naxışları olan geniş radiator barmaqlığı da diqqəti çəkir. Yeni radiator barmaqlığının standart və zəngin təchizata malik olan krossoverlər üçün iki fərqli tərtibat ilə təklif ediləcəyi də bildirilib.
Bununla belə, ön hissədəki dəyişiklik Sante Fe modelində baş verən əsas dəyişiklik deyil. Hyundai şirkəti yenilənmiş krossoverin tamamilə yeni platformaya əsaslanacağını bildirib. Yeni platformanın avtomobili daha yüngül və tənizmləmələr üçün daha çevik edəcəyi qeyd edilir.
Cənubi Koreya istehsalçısının söylədiyinə görə, yenilənmiş Santa Fe modeli, yeni nəsil Hyundai Sonata modeli ilə birlikdə debüt etmiş yeni platformada inşa edilən Avropada satılacaq ilk Hyundai modeli və dünyada satılacaq ilk Hyundai krossoveri olacaqdır.
Hyundai şirkətindən yeni platformanın məhsuldarlıq, idarəetmə və təhlükəsizlik baxımından əhəmiyyətli irəliləyişlər etmək imkanı verdiyi də bildirilib. Yeni arxitektura sayəsində, Hyundai Santa Fe modelini ənənəvi benzin və dizel mühərrikləri ilə yanaşı, həm adi, həm də qoşulan hibrid aqreqatları ilə təchiz etmək mümkün olacaqdır.
Mövcud olan Hyundai Santa Fe modelinin 2018-ci ilin əvvəlində debüt etməsinə baxmayaraq, avtomobil istehsalçısının krossoveri bu qədər tez və hərtərəfli yeniləməsi təəccübləndirməyə bilməz. Çox güman ki, Avropada sərtləşən ekoloji normalar istehsalçını belə addım atmağa məcbur edib.
Hyundai şirkəti önümüzdəki həftələrdə yenilənmiş krossover haqqında daha ətraflı məlumatın təqdim ediləcəyini və yenilənmiş Santa Fe modelinin Avropada bu ilin sentyabrından etibarən satışa çıxarılacağını bildirib. Çox güman ki, yenilənmiş Santa Fe bizim bazarda da payızda debüt edəcəkdir.