Cənubi Koreyada Modern Contrast dizayn konsepsiyasında tərtibata malik olan yenilənmiş Kia EV6 elektrokarı debüt edib. Yenilənmiş elektromobilin əsas xüsusiyyəti – qabaqcıl Starmap Signature Lighting ön optikasıdır. Adi və GT-line versiyaları bampelərin tərtibatı, 20-düymlük disklərin dizaynı və kuzovun boyanması variantları ilə fərqlənirlər. Versiyaların salonları da eynidir və interyerdə baş vermiş yeniliklərin sayı kifayət qədərdir.
İnteryerdə diqqəti cəlb edən elementlərdən biri yeni sükan çarxı, həmçinin cihazlar panelinin və əsas displeyin vahid qrafikası olan ccNC media sisteminin əyri klasteridir. Tikişsiz interfeys üfüqi xətlərə əsaslanır (o, Seon adlanır, Koreya dilindən tərcümədə "xətt" deməkdir) və 2023-cü ildə Red Dot Design Award mükafatına layiq görülüb.
Multimedia genişləndirilmiş OTA yeniləmələrini, sürətli magistrallarda hərəkət üçün Hi-Pass məsafədən ödəniş sistemini və Kia Digital Key 2 rəqəmsal açarını dəstəkləyir. Bundan əlavə, səslə idarəetmə və Touch ID də var.
Kia EV6 modelinin təchizatına həmçinin rəqəmsal salon güzgüsü və arxa videoregistrator daxildir, sükan çarxına isə, köməkçi elektronikanın düzgün işləməsi üçün gərək olan tutma sensoru quraşdırılıb. Əvvəlki kimi, iki modifikasiya var: arxa və tam ötürməli.
Birinci halda, elektrik güc qurğusunun hasilatı 229 at qüvvəsi və 350 Nm, ikinci halda isə, 325 at qüvvəsi və 605 Nm təşkil edir. Yeni 84 kilovat-saatlıq batareya 494 kilometrə qədər yürüş məsafəsini təmin edir ki, bu da əvvəlki 77,4 kilovat-saatlıq batareyanın müvafiq göstəricisindən 19 kilometr çoxdur.
Yenilənmiş EV6 modelinə sifarişlərin qəbuluna artıq başlanılıb - lakin yalnız Cənubi Koreyada. Adi versiyanın qiyməti 55,4 milyon vondan (təxminən 69,4 min manat) başlayır. GT-line versiyası üçün isə, ən azı 63,15 milyon von (79 min manat) istəyirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.