Koreyalı casuslar Kia markasının yenilənmiş flaqmanının, ixracat bazarlarında K900 adı altında satılan iri ölçülü K9 sedanının kamuflyajsız şəkllərini çəkməyə müvəffəq olublar. Ən bahalı və dəbdəbəli Kia modelini üslub dəyişikliyi gözləyir: K9 modelinin arxa tərəfi Bentley Flying Spur modelinə bənzəyir, ön tərəfi isə əvvəlki Genesis G90 modelini xatırladır.

Kia K9 sedanının ikinci nəsli o qədər də yaxşı satılmır, buna görə də, istehsalçı qlobal yenilənməni həyata keçirməyə qərar verib. Dəyişikliklər təkcə bamperlər, radiator barmaqlığı və işıq texnikası ilə məhdudlaşmır, eyni zamanda, baqaj qapağı və hətta qanadlar da dəyişəcəkdir. Əslində, flaqman modeli yeni görünüşü əldə edəcəkdir – sedan, Genesis modellərinin üslubunda uzadlmış fənərlərə və geniş xrom barmaqlığa sahib olacaqdır.

Arxadan yenilənmiş Kia K9 sedanını fənərləri birləşdirən LED işıq zolağı sayəsində tanımaq olar. Buraxılış sisteminin çıxış borularının üstündə işıq qaytaran elementlər quraşdırılıb, nömrə nişanı bamperə “köçüb” və yeni loqotip peyda olub.

Texniki detallar məlum deyil, ancaq flaqman sedanının  altısilindrli mühərrikləri – 3,8-litrlik atmosfer mühərrikini və 3,3-litrlik turbomühərriki qoruyub saxlayacağı gözlənilir. 5,0-litrlik V8 mühərrikinin perspektivləri qaranlıqdı, hətta mümkün hibridlər barədə belə məlumat yoxdur.

İnsayderlər yenilənmiş Kia K9 modelinin təqdimatının yaxın iki ay ərzində baş tutacağını söyləyirlər. Kamuflyasız şəkillərin yayımlanması bunu təsdiqləyir.