Yeni avtomobillərin “ovlanması” sahəsində ixtisaslaşmış casuslar yenilənmiş Kia Picanto modelini Almaniyada reklam çarxının çəkilişləri zamanı yaxalamağa müvəffəq olublar. Dərc edilmiş şəkillərdən də göründüyü kimi, yenilənmiş hetçbekin xarici görünüşdə elə də ciddi dəyişikliklər baş verməyib: yığcam model başqa bamperlərə, fərqli radiator barmaqlığına, ön optikaya və yeni təkər disklərinə sahib olub.
Parlaq qırmızı rəngli haşiyələr,mürəkkəb dizayna malik olan təkər diskləri,xrom haşiyəli duman işıqları və ön bamper çəkilişlərdə Kia Picanto modelinin “qaynar” GT Line versiyasından istifadə edildiyini göstərir. Çox güman ki, yeni LED işıqlar zəngin təchizata malik olan bütün Picanto modelləri üçün standart olacaqdır.
Göründüyü kimi, Picanto modelinin yenilənməsi kosmetik xarakter daşıyacaq, avtomobilin şassisinə və mühərriklər çeşidinə təsir göstərməyəcəkdir. Bu halda hetçbek 1,0-litrlik üçsilindrli atmosfer və turbo mühərrikləri, habelə 1,2-litrlik dördsilindrli aqreqatı qoruyub saxlayacaqdır.Satış bazarından asılı olaraq, güc aqreqatları 67 - 100 at qüvvəsində gücə malik olacaqdırlar. Güc aqreqatları 5-pilləli mexaniki ötürmələr qutusu və ya 4-diapazonlu "avtomat" ilə tandemdə çalışacaqdırlar.
Eyni zamanda, yenilənmiş Picanto modelinin elektrik versiyasının da təklif ediləcəyi ehtimal olunur - əvvəllər Kia şirkətinin Avropa bölməsinin rəhbəri Emilio Herrera Picanto EV modelinin təklif edilməsinin zamana bağlı olduğunu söyləsə də, subkompaktın elektrik versiyasının nə zaman debüt edəcəyini bildirməmişdi.
Yenilənmiş Picanto modelinin reklam fotosessiyası zamanı çəkildiyini nəzərə alsaq, modelin təqdimatının yaxın olduğunu söyləmək olar. Yenilənmiş modelin Avropada bazarındakı satışları 2020-ci ilin sonuna qədər başlaya bilər.
Mənbə: TheKoreancarblog