Yığcam Kia Soul krossoverinin üçüncü nəsli 2018-ci ildə debüt edib. Onun xüsusiyyətlərindən biri də ön işıq texnikasının ikimərtəbəli dizaynı idi. Amma belə “üzün” ömrü o qədər də uzun sürməyib. Amerikada yenilənmiş Soul model təqdim olunub və indi o bir blokda cəmlənmiş “normal” fənərlərə malikdir.
Eyni zamanda, baza modeli hələ də sadə halogenlər ilə təklif edilir, əlavə ödəniş qarşılığında isə, bamperin ən aşağı hissəsində yerləşən duman işıqlarının kiçik diod zolaqları ilə tamamlanan LED optika təklif olunur.
Bamperlər də yenidirlər, üstəlik ön və arxa bamperlər eyni üslubda tərtibata malikdirlər və yan tərəflərdəki şaquli “dişlərə” sahib olublar. Ölçüləri böyüdülmüş radiator barmaqlığı yeni ornament ilə seçirlir. 17 və 18 düymlük təkər disklərinin dizaynı da dəyişdirilib. Baza versiyası əvvəlki kimi 16-düymlük disklər ilə təklif edilir. Nəhayət, kuzovun rəng palitrasına yenidən baxılıb.
Salondakı dəyişikliklər cüzi xarakter daşıyır. Məsələn, sükan çarxının düymələri yenidən işlənib, lakin bloklar əvvəlki kimi yuvarlaqdırlar. İqlimə nəzarət sisteminin kiçik displeyinin qrafikası və işıqlandırması da dəyişdirilib. Mediasistem əvvəlki kimi, 8,0 və ya 10,25 düymlük ekranla təchiz oluna bilər.
Bahalı təchizat səviyyələrində virtual cihazlar paneli və elektromexaniki əl əyləci peyda olub: əvvəllər onlar yalnız Kia e-Soul elektromobili üçün təklif olunurdu. Qeyd etmək lazımdır ki, elektrik versiyası yenilənməyib. Soul modelinin arsenalda piyadaları aşkarlama funskiyası olan yenilənmiş avtomatik əyləcləmə sistemi də var.
ABŞ bazarındakı modifikasiyalar çeşidi ixtisara salınıb: X-Line “ofroud” versiyası və ən güclü Soul Turbo (1,6 litr, 204 at qüvvəsi) çeşiddən çıxarılıb. Bundan sonra Amerika satılan bütün avtomobillər 2,0-litrlik (149 at qüvvəli) atmosfer mühərriki və IVT variatoru ilə təchiz ediləcəklər. Ötürmə yalnız ön oxadır.
ABŞ bazarında yenilənmiş Kia Soul modelinin satışlarına yayda start veriləcəkdir. Hazırda qiymətlər 19 300 dollardan başlayır. Digər bazarlarda çeşid fərqli olacaqdır. Soul artıq dörd ildir ki, Avropada yalnız elektromobil qismində satılır, Cənubi Koreyada isə, keçən il ümumiyyətlə satışdan çıxarılıb - səbəb tələbatın çox az olmasıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.