Dünən, 22 fevral tarixindən, AvtoVAZ şirkətinin İjevskdəki zavodunun konveyerindən yenilənmiş Lada Vesta modelləri çıxmağa başlayıblar. Konveyerdən ilk çıxan model maksimal təchizata və qızılı “Qarfild” rənginə boyanmış Lada Vesta SW Cross universalı olub. Eyni zamanda, rus istehsalçısı yenilənmiş modelin ilk rəsmi şəkillərini dərc edib.
Rus istehsalçısı yeni nəsildən danışsa da, Vesta modelinin hərəkət hissəsi prinsipcə dəyişməyib. Təkər bazası da eyni olaraq qalır, bununla belə, modelin ön və arxa tərəfinin dizaynı yenidən işlənilib, habelə avtomobil bir qədər uzadılıb. Belə ki, yenmilənmiş Vesta modeli xrom qövsün quraşdırıldığı daha çıxıntılı ön bamperə sahib olub.
Yenilənmədən əvvəl və sonra
Bütün işıq texnikası – ön fənərlər, duman əleyhinə işıqlar və arxa fənərlər, - tamamilə diodlardan hazırlanıb. Radiator barmaqlığının dizaynı təchizat səviyyəsindən aslıdır: adi modellərdə onu iki xrom moldinq kəsir, Cross versiyalarda isə, iri dəlikli naxışı olan barmaqlıqdan istifadə olunur. Lada loqotipi də böyüdülüb.
Şirkətdən arxa bamperin yeni dizaynını idman xarakterli adlandırırlar: Vesta modelinin bütün variantlarında çıxış borularının təqlidi quraşdırılacaq. Baqajın yeni qapağı avtomobili vizual olaraq uzadan əlavə çıxıntılara malikdir. Hər iki bamperdə parkinq və kor zonalara nəzarət sistemlərinin əlavə vericiləri peyda olub. Nəhayət, Vesta ailəsinin 16 və 17 düymlük disklərlə təchiz ediləcəyi bildirilib.
Yenilənmiş Lada Vesta modelinin interyeri üzərindən sirr pərdəsi qaldırılmayıb. Lakin casus şəkillərindən də məlum olduğu kimi, salonda virtual cihazlar paneli və iri ekran ilə təchiz edilmiş multimedia sistemi quraşdırılacaqdır. Bundan başqa, Vesta Renault Arkana modelinin üslubunda klimat-kontrolun idarəetmə blokunu alacaqdır.
AvtoVAZ şirkəti yenilənmiş modelin mühərrik çeşidi barədə məlumat verməyib. Lakin bu sahədə dəyişikliyin olacağı gözlənilmir – Lada Vesta əvvəlki kimi 106 at qüvvəli 1,6-litrlik və 122 at qüvvəli 1,8-litrlik atmosfer mühərrikləri, habelə 113 at qüvvəli 1,6-litrlik Renault aqreqatı ilə təchiz ediləcəkdir. Transmissiyalar da əvvəlkidir – mexaniki ötürmələr qutusu və Jatco variatoru.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.