Beşinci nəsil Lexus RX 2022-ci ildə təqdim olunub, indi isə model planlaşdırılmış yenilənmədən keçib. Yaponiyada satışa çıxarılan yenilənmiş krossoverdəki dəyişikliklər əsasən dizayn, avadanlıq və şassi ilə məhdudlaşıb.

RX-in xarici görünüşündə ciddi dəyişiklik yoxdur. Model üçün yeni kuzov rəngləri təklif olunur. L versiyası White Nova Glass Flake adlı ağ mirvari rəngi əldə edib. F Sport və F Sport Performance versiyalarında isə əlavə ödəniş qarşılığında əyləc supportlarını qırmızı rəngdə sifariş etmək olar. Bütün versiyalarda ön qapıların infraqırmızı şüalardan qoruyan atermal şüşələri standart təchizata daxil edilib.

Salon və avadanlıqda da bir neçə yenilik var. Brake Hold funksiyası artıq mühərrik yenidən işə salındıqda əvvəlki seçimi yadda saxlayır. RX350 və RX350h modellərinin başlanğıc komplektasiyalarına rəqəmsal arxa görüntü güzgüsü və ön-arxa çəkiliş funksiyasına malik olan videoregistrator da əlavə edilib. Əvvəllər bu avadanlıq yalnız daha yüksək RX500h və RX450h+ versiyalarında standart idi.

Yenilənmənin əsas diqqət mərkəzində isə şassi dayanır. Lexus mühəndisləri avtomobili Almaniyanın Nürburqrinq trasında sınaqdan keçirərək adaptiv asqının parametrlərini yenidən sazlayıblar. 

Image alt Image alt Image alt

Elektrik gücləndiricili sükanın və tam idarəolunan şassinin iş alqoritmləri də dəyişdirilib. Məqsəd idarəetməni daha dəqiq və təbii etmək, eyni zamanda RX-in əvvəlki komfort səviyyəsini qorumaq olub.

Yaponiyada yenilənmiş Lexus RX350-nin ön ötürücülü versiyası 7,04 milyon yendən (təxminən 44 900 dollar), ön ötürücülü RX350h hibridi 8 milyon yendən (51 000 dollar), tam ötürücülü RX500h isə 9,29 milyon yendən (59 200 dollar) başlayır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.