Bu günlərdə Nürburqrinq trekində sınaqdan keçirilən avtomobillər arasında yenilənmiş Mercedes-AMG E63 4Matic+ sedanının minimal kamuflyaja malik olan prototipi də vardır. Yenilənmiş modelin seriya variantı ilin sonuna kimi debüt etməlidir. Yenilənmiş "bərkgedən" sedan onu E-Class ailəsindən olan digər modellər ilə bağlayacaq yeni kosmetik və texnoloji yeniliklərə sahib olacaqdır.
Seriya həyatına başlayacaq yenilənmiş Mercedes-AMG E63 modeli yeni Audi RS6 Avant və yenilənəcək BMW M5 modelləri ilə rəqabət aparmalı olacaqdır.
Yenilənmiş Mercedes-AMG E63 modelinin zahiri görkəmində baş vermiş dəyişikliklər standart Mercedes-Benz E-Class modelindəki ilə eyni olacaqdır. İki model arasındakı fərqlər AMG modellərinə xas olan radiator barmaqlığından, daha iri havalandırma girişləri olan ön bamper, həmçinin arxa baqaj qapağından, yeni fənərlərdən və aqressiv formaları ilə seçilən arxa bamperdən ibarət olacaqdır.
Bərkgedən modelin salonundakı dəyişiklilər isə, daha həssas sensorları olan yeni sükan çarxından, idman oturacaqlarından, AMG modellərinə xas olan dekor elementlərindən və xüsusi qrafikaya malik olan MBUX multimedia sistemindən ibarət olacaqdır.
Yenilənmiş Mercedes-AMG E63 modeli yeni texnologiyalara sahib olacaqdır ki, onların arasında yenilənmiş yarıavtonom idarəetmə sistemi də vardır. Bundan başqa, model yol nişanlarına və yol kəsişmələrinə görə sürəti avtomatik olaraq tənzimləyən adaptiv kruiz-kontrol sisteminə də malik olacaqdır. Yeni E63 yoldakı vəziyyət barədə onlayn rejimdə məlumatı alaraq, öndəki tıxacları radardan öncə görəcəkdir.
Mercedes-AMG E63 modeli GLE 63 modeli kimi, 4,0-litrlik V8 biturbo mühərriki və 48-voltluq şəbəkədən qidalanan Mercedes EQ Boost startyor-generatoru olan yumşaq hibrid güc qurğusunu alacaqdır. Avtomobil Avropada iki variantda - standart və S variantlarında təklif ediləcəkdir. Güc qurğusunun hasilatı əvvəlki kimi, standart variantda 585 at qüvvəsi (750 Nm), S variantında isə 612 at qüvvəsi (850 Nm) olacaqdır.
Güc aqreqatı 9-pilləli avtomatik transmissiya və 4Matic+ tam ötürmə sistemi ilə tandemdə çalışacaqdır. Avtomobilin təchizatına adaptiv Pnevmatik asqı sistemi, iri havalandırmalı diskləri olan güclü əyləc mexanizmləri, yüksək sürtünməli differensial, mühərrikin dinamik dayaqları və dartma qüvvəsinə nəzarət sistemi daxil ediləcəkdir.