Mercedes-Benz şirkəti elan etdiyi kimi, bu gün yenilənmiş E-Class kupe və kabrioletini təqdim edib. Avtomobillərin zahiri görkəmində baş vermiş dəyişikliklər sedan və universal kuzovlu variantlarda tətbiq edilən ssenari əsasında həyata keçirlib: ön fənərlər yeni formaya və arxa fənərlər isə yeni tərtibata malik olublar. Radiator barmaqlığının dizaynı da dəyişdirilmiş, təklif edilən rənglərin siyahısına dörd yeni çalar əlavə edilmişdir.
Bundan əlavə, təklif edilən təkər disklərinin çeşidi genişləndirilmiş və aerodinamik variantıar ilə tamamlanmışdır. Sonuncu disklər hava müqavimətini azaldaraq yanacaq sərfiyyatına müsbət təsir göstərməlidirlər.
İnteryerdəki dəyişikliklər də sedan və universalda olduğu ilə eynidir: bunlar, ilk növbədə həcmli sensorları olan sükan çarxı, virtual cihazlar panelinin və multimedia sisteminin iki displeyinə malik olan MBUX kompleksidir. Kupe və kabrioletin standart təchizatına 12,3-düymlük displeylərin daxil ediləcəyini gözləsək də, bu displeylər opsiyalar siyahısında qalıblar: modellər standart olaraq 10,25-düymlük ekranlar (yenə, sedan və universalda olduğu kimi) təchiz edilirlər.
Lakin, kupe və kabrioletin özünəməxsus ön oturacaqlara malikdirlər və kreslolar nəzərə çarpacaq dərəcədə “ağıllanıblar”. Mercedes-Benz şirkəti, bu oturacaqların sürücünün bədən quruluşuna avtomatik şəkildə uyğunlaşmaq qabiliyyətinin olduğunu xüsusi ilə vurğulayır.
Bunun üçün, ikiqapılı modellərin sahibləri multimediya sisteminin menyusundakı xüsusi bölmədə özlərinin boy ölçülərini daxil etməlidirlər - elektronika daxil edilmiş parametrlərə əsasən tənzimləmələri (oturuma hündürlüyü də daxil olmaqla) həyata keçirəcəkdir, sürücüyə isə, "incə" tənizmləmələri aparmaq qalacaqdır.
Yeri gəlmişkən, daxili tərtibat materiallarında da yeniliklər vardır - bunlara misal kimi, açıq məsaməli boz göyüş ağacından və ya "karbon" cilalamalı alüminiumdan hazırlanmış dekor elementlərini göstərmək olar. Açıq versiyalı modelin ön panelini və oturacaqlarını günəş işığının əks olunması effektini yaradan dəri ilə örtmək də mümkündür.
Satışların başlanğıcında ikiqapı modellər 194 - 367 at qüvvəsi (320-700 Nm) arasında gücə malik olan iki dizel və üç benzin mühərriki ilə təklif ediləcəkdirlər. Hər üç benzin mühərriki 48-voltluq şəbəkədən qidalanan startyor-generator ilə təchiz olunacaqdırlar. Mercedes-Benz E 200 və E 220 d modifikasiyaları opsional olaraq 4Matic tam ötürmə sistemi ilə də təchiz edilə bilərlər. Daha bahalı E 400d və E 450 modifikasiyaları isə, tam ötürmə ilə standart olaraq təchiz ediləcəkdirlər, 258 at qüvvəli 2,0-litrlik mühərriklə təchiz edilən E 300 kupe və kabrioleti isə, yalnız arxa ötürmə ilə təklif olunacaqdırlar.
Bundan başqa, Mercedes-Benz şirkəti ikiqapılı modellərin gələcəkdə ciddi şəkildə yenilənmiş 2,0-litrlik dizel mühərrikləri ilə təchiz ediləcəyini də bildirib: modernləşmənin miqyası o qədər genişdir ki, mühərrik OM 654 M indeksinə sahib olub.
Yenilənmiş mühərrik 2700 baradək artırılmış təzyiqə malik başqa bir çiləmə sisteminə, yenidən işlənilmiş soyutma sisteminə və yeni dirsəkli vala sahib olub. Lakin, Mercedes-Benz baş vermiş ən vacib yeniliyin dizel mühərrikinin 9G-Tronic transmissiyasına quraşdırılan yenilənmiş 48-voltluq startyor-generator ilə birləşməsinin olduğunu bildrir.
Bu aqreqatın ikiqapılı modellərin mühərrik çeşidinə daxil edilməsi müddəti göstərilməsə də, qurğunun gücünün 265 at qüvvəsinə qədər artacağı gözlənilir - daha 20 at qüvvəsi və 180 Nm fırlanma anını elektrik əlavəsi təmin edəcəkdir. Beləliklə, yenlənmiş aqreqat ən güclü 2,0-litrlik dizel mühərriki olacaqdır.
Məlum məsələdir ki, hər iki model "qaynar" Mercedes-AMG E 53 modifikasiyasında da təklif olunacaqdırlar. "Qaynar" modelləri fərqli kapot, radiator barmaqlığı, bamperlər, genişləndirilmiş təkər tağları, buraxılış sisteminin orijinal çıxış boruları və 19-düymlük təkər diskləri ( 20-düymlük disklər opsiyadır) sayəsində tanımaq mümkündür. Salonda idman oturacaqları və sükan çarxı, həmçinin xüsusi iş rejimləri olan multimedia sistemi quraşdırılır.
Müvafiq olaraq, interyer tərtibatı da avtomobilin idman xarakterini nümayiş etdirməlidir.
AMG modelləri 435 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbomühəırrik, startyor-generatordan ibarət güc qurğusu və 4Matic tam ötürmə sistemi ilə təchiz edilirlər. AMG E53 Coupe 100 km/saat həddinə 4,4 saniyəyə, yumşaq tavanlı versiya isə 4,6 saniyəyə sürətlənir. Maksimal sürət əvəvəni olaraq 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Opsional olaraq bu həddi 270 km/saata qədər çəkmək mümkündür.
Daha bir yenilik - Mercedes-AMG E53 kupe və kabrioletini əvvəllər yalnız V8 mühərriki ilə təchiz edilən modelləri üçün əlaçatan olan Dynamic Plus paketi ilə də təchiz etmək nünükün olacaqdır. Bu dəst Race hərəkət rejiminin quraşdırılmasını nəzərdə tutur ki, bu rejimdə sürücü mühərrikin fırlanma anını arxa oxa yönəldərək drift etmək imkanı əldə edəcəkdir.
Yenilənmiş Mercedes-Benz E-Class kupe və kabrioletlərinin Avropadakı satışlarına bu ilin payızında başlanmalıdır.