Mercedes-Benz şirkəti alman markasının ən populyar modeli olan E-Class sedan və universalının yenilənmiş versiyalarını təqdim edib. Yenilənmədən nəsibini bütün yollar üçün olan All Terrain modifikasiyası və AMG E53 versiyası da alıb. Modelin eksteryer və interyeri dəyişsə də, başlıca yeniliklər texniki hissədə baş verib.
Yenilənmiş E-Class sələfindən yeni radiator barmaqlığı, ön və arxa fənərləri və bamperləri ilə seçilir. Tamamilə LED işıq texnikası modelin standart təchizatına daxil edilib, “ağıllı” Multibeam matrisa fənərləri isə opsional olaraq əlçatandır. Yeni matrisa fənərləri qarşıdan gələn sürücülərin gözlərini qamaşdırmır, naviqsiya sisteminin məlumatlarına əsasən qovşaqları müəyyən edərək əvvəlcədən döngələri işıqlandırmağa başlayır və həmçinin duman əleyhinə işıqlar kimi çalışır. Arxa fənərlər tamamilə yeni formaya malik olublar.
All Terrain modifikasiyasında kandar və bamperin aşaöı hissəsindəki örtüklər əvvəlki kimi gümüşü deyil, qara rəngə boyanıblar. Mercedes-Benz E-Class modelinin “qaynar” versiyası olan Mercedes-AMG E53 4Matic+ sedanı şaquli zolaqlara malik olan yeni AMG-barmaqlığını, başqa bamperləri və qara xrom tərtibatı əldə edib. Mercedes-AMG E53 universalı isə, eksteryer tərtibatındakı xrom elementləri ilə seçilir.
Bütün bunlarla yanaşı, E-Class modelinin rəng palitrası da genişlənib – kuzov üçün üç yeni çalar, interyer tərtibatı üçün isə üç yeni rəng sxemi və dörd növ yeni dekor elementləri nəzərdə tutulub. Avtomobilin ön panelində əvvəlki kimi, vahid şüşənin altında yerləşdirilmiş iki 10,25-düymlük displey mövcuddur. Opsional olaraq, 12,3-düymlük variantları da sifariş etmək olar.
Yenilənmiş E-Class tamamlanmış reallıq elementləri olan naviqasiya sistemi və avtomobilin sistemlərindən alınan məlumatların əsasında seçilən bir neçə dincəlmə proqramına malik olan Energizing Coach funksiyası ilə təchiz edilmiş MBUX multimedia kompleksinin son versiyasını əldə edib. Bundan başqa, modelin təchizatına uzun məsafəli səyahətlər zamanı oturacağın yastığının və kürək hissəsinin vəziyyətini tədricən dəyişən, beləliklə, bədənin uzun müddət eyni vəziyyətdə qalmasına imkan verməyən Energizing Seat Kinetic sistemi də əlavə edilib.
MBUX kompleksinin əldə etdiyi yeni proqramlardan biri də PowerNap funskiyasıdır. Bu funksiya yalnız qoşulan hibrid modifikasiyaları üçün təklif edilir. Elektronika uzun məsafəli səyahətlərdə batareyanın doldurulması zamanı xüsusi dincəlmə proqramını tətrib edəcəkdir. Digər bir yenilik, avtomobili oğurluqdan və zərərlərdən qorumaq üçün nəzərdə tutulmuş müdafiə sistemləridir: Urban Guard Protection və Urban Guard Protection Plus. Salon sensoru və adi həyəcan siqnalı ilə yanaşı, avtomobillər mobil tətbiqin köməyi ilə sürücünü oğurluq və təxliyə cəhdi barədə xəbərdar edə biləcəkdirlər. Avtomobilin sahibi ona nə qədər ciddi ziyan dəydiyini (məsələn, dayanacaqda vurulubsa) və hətta avtomobilin hansı hissəsinin zərər gördüyünü uzaqdan öyrənə bilər.
Yenilənmiş Mercedes-Benz E-Class modelinin mühərrik çeşidində də ciddi dəyişikliklər olacaqır. Avtomobil, benzin və ya dizel mühərriklərinin əsasında yaradılmış yeddi hibrid modifikasiyaya sahib olacaq və onlardan dördü tam ötürmə ilə təklif ediləcəkdirlər. E-Class modelinin mühərrik çeşidinə iki yeni daxili yanma mühərriki də əlavə edilib: 272 at qüvvəli 2,0-litrlik “turbodördlük” və 367 qüvvəli 3,0-litrlik “turboaltılıq”.
Doqquz pilləli avtomatik ötürmələr qutusu da təkmilləşdirilib. Transmissiya, ikinci nəsil startyor-generatora (48 volt şəbəkədən çalışan) və transmissiyanın işinə cavabdeh olan daha səmərəli çoxnüvəli prosessora sahib olub. Bundan əlavə, mühəndislər yağ nasosunun üzərində yenidən işləyərək, müxtəlif port və birləşmələrin sayını əhəmiyyətli dərəcədə azaldıblar. İdarəetmə blokunun kütləsi 30 faiz azaldılıb.
Yenilənmiş Mercedes-Benz E-Class modelinin yardımçı sistemlərinin imkanları da genişlənib. Sükan çarxı (yeri gəlmişkən tamamilə yenidir), adaptiv kruiz-kontrolun işləməsi zamanı əllərin vəziyyətinə nəzarət edən güclü sensorlarla təchiz olunubdur.
Adaptiv kruiz-kontrol, öz növbəsində naviqasiya və TMC məlumatlarını istifadə edir və beləliklə qarşıdakı qovşaqlar və döngələr haqqında bilir, həmçinin tıxacları və ya hərəkət axının sürətinin azalmasını əvvəlcədən aşkar edərək sürücünü xəbərdar edir. Sadlanan hallar aşkarlanarsa, avtomobilin sürəti avtomatik olaraq azalacaqdır. Kor zonalara nəzarət sistemi, mühərrik sönmüş olsa belə, qapıların açılması zamanı potensial təhlükəni aşkar edərsə, onların açıqlmasının qarşısını alacaq, dairəvi müşahidə kameraları isə avtomobili yan tərəfdən göstərəcəkdir.
Mercedes-AMG E 53 4Matic + modeli 3,0-litrlik altısilindrli turbomühərrik, 48 voltluq elektrik şəbəkəsi, mühərrikə sürətlənmə zamanı yardım edən və əyləcləmə zamanı enerjini bərpa edən startyor-generator (22 at qüvvəsi və 250 Nm fırlanma anı) və 9-pilləli AMG Speedshift TCT qutusu ilə təchiz edilir. Güc qurğusunun ümumi hasilatı 435 at qüvvəsi və 520 Nm fırlanma anı təşkil edir. “Qaynar” sedan 100 km/saat həddini 4,5 saniyəyə, universal isə 4,6 saniyədə toplayır. Mercedes-AMG E53 modellərinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Lakin, AMG Driver’s Package dəstinin sifariş etməklə bu həddi 270 km/saata çəkmək olar.
Bundan əlavə, "qaynar" modellər AMG Ride Control + idman pnevmoasqısı, AMG Dynamics hərəkət rejimləri sistemi, həmçinin AMG Track Pace virtual yarış köməkçisi ilə təchiz edilir. Sonuncu, avtomobili 80-dən çox parametrini yaza, dövrə zamanlarını "etalon" ilə müqayisə edə və hətta, multimedia sisteminin ekranında döngələrin ideal trayektoriyasını göstərə bilir.
Yenilənmiş Mercedes-Benz E-Class modelinin Avropadakı satışlarına yay yay aylarında başlanacaqdır. Mercedes-AMG E63 modelləri, kupe və kabrioletlər bir müddət sonra yenilənəcəkdirlər.