Qeyri-rəsmi məlumatlara görə, yenilənmiş Mercedes-Benz S-Class modeli aprel ayında təqdim ediləcəkdir. Bu yenilənmədən sonra bayraqdar sedan alman istehsalçısının model cərgəsində mövcud olan ən yüksək texnologiyalı avtomobil olacaqdır.
Alman istehsalçısı yeni nəsil Mercedes-Benz E-Class modelində tətbiq etdiyi bütün yeni texnologiyaları bayraqdar modelinə köçürmüşdür. Zahiri cəhətdən də dəyişikliklər olacaqdır - sedan yeni işıq texnikasını və başqa formalı bamperləri əldə edəcəkdir. Yenilənmədən avtomobilin salonu da nəsibini alacaqdır.Lakin, əsas dəyişikliklər S-Class modelinin kapotunun altında baş verəcəkdir. Alman istehsalçısı 3.0-litrlik V6 mühərrikini 408 at qüvvəsi və 500 Nm fırlanma anı olan sıralı altı silindrli M256 mühərriki ilə əvəz edəcəkdir. Yeni mühərrikin ətraf mühitə atdığı zərərli tullantıların həcmi 15% azaldılmışdır.
Avtomobilin dizel variantı da «Mercedes-Benz markasının tarixində minik avtomobillərində olan ən güclü dizel mühərrikini» əldə edəcəkdir. Sıralı altı silindrli dizel aqreqatı 313 at qüvvəsi təklif edəcəkdir. Xatırladaq ki, hazırda avtomobilin təchiz edildiyi OM 642 mühərriki 258 at qüvvəsinə malikdir.
Eyni zamanda, yenilənmiş bayraqdar 476 at qüvvəsi və 700 Nm fırlanma anı olan 4,0-litrlik V8 mühərriki ilə də təchiz ediləcəkdir. Silindrlərin söndürülməsi texnologiyası yanacağa 10% qənaət etməyə imkan verəcəkdir.