Nissan şirkəti rəsmi olaraq yenilənmiş Pathfinder ofroderini təqdim etmişdir. Avtomobilin dizaynı bir qədər yenilənmiş, eyni zamanda onun təchizatına daha güclü mühərrik və yeni texnologiyalar daxil edilmişdir. Ofroderin zahiri görkəmində edilmiş dəyişikliklər, onun eksteryerini yapon şirkətinin son korporativ üslübüna uyğun olmasını təmin etmişdir.
Yenilənmiş Nissan Pathfinder ofroderi dəyişdirilmiş işıq texnikasını, ön və arxa bamperi, dönmə işıqları quraşdırılmış arxa görüntü güzgülərinin yeni formasını əldə etmişdir. Bununla belə, avtomobilin eksteryerində baş vermiş xırda dəyişikliklər onun aerodinamik müqavimət əmsalını 0,34-dən 0,326-ya endirməyə imkan vermişdir. Nissan Pathfinder modelinin rəng palitrasına iki yeni boya - Sandstore və Caspian Blue çalarları daxil edilmişdir.
Nissan Pathfinder modelinin salonunda baş vermiş dəyişikliklər də cüzi xarakter daşıyır. Yeniliklər daha çox avtomobilin təchizatına aiddir. Ofroder standart olaraq 7-düymlük sensorlu ekranı olan multimedia sistemi, əlavə USB portu, mikrofon və təkmilləşdirilmiş cihazlar paneli ilə təchiz edilir. Avtomobilin daha bahalı variantları mərkəzi konsolda olan 8-düymlük displeylə və ön oturacaqların arxasında quraşdırılmış monitorlarla təchiz edilirlər.

Yenilənmiş ofroderin avadanlıq siyahısına təcili əylənmə sistemi, dairəvi görüntü sistemi, adaptiv kruiz-kontrol və bir sıra yeni sistemlər daxil edilmişdir. Nissan Pathfinder modelinin 3,5-litrlik altı silindirli mühərriki əsaslı şəkildə yenidən işlənmiş və birbaşa çiləmə sistemi ilə təchiz edilmişdir. Nəticədə, benzin mühərrikinin gücü 284 (+24) at qüvvəsinə, fırlanma anı isə 351 (+26) Nm qədər artırılmışdır. Yapon şirkətindən bildirildiyinə ofroder ümumi çəkisi 2,7 ton olan qoşqunu yedəyə ala bilər. Bu yenilənmədən əvvəlkinə nisbətən 450 kiloqram daha çoxdur.
Bundan başqa, yenilənmiş Nissan Pathfinder ofroderi yenidən işlənmiş asqı sistemini də əldə etmişdir ki, bu da avtomobilin sabitliliyinə müsbət təsir göstərmişdir: kuzovun yana əyilmələri və salondakı titrəmələr azaldılmışdır.
Yenilənmiş ofroderin satışlarına bu ilin sonlarında start veriləcəkdir.