Məlumdur ki, Yaxın Şərqdə yaşayan ərəblər Nissan Patrol modelini çox sevirlər. Bunu nəzərə alan Nissan şirkəti yenilənmiş Patrol modelini Dubayda təqdim edib. Ofrouder yeni tərtibatlı ön hissəyə, genişləndirilmiş avadanlıq və təhlükəsizlik sistemləri siyahısına sahib olub. Ərəblərin bu ofrouderin başına açdığı oyunları nəzərə alsaq, sonuncuların mövcudluğu çox vacibdir.
Yenilənmiş Nissan Patrol üfüqi zolaqları və qalın haşiyəsi olan V-şəkilli radiator barmaqlığına, “bumeranq” şəklində olan gündüz hərəkət işıqlarına malikdir. Ofrouderin arxa hissəsində bumeranq şəklində naxışı olan arxa fənərlər və modelin adı həkk edilmiş xrom zolaq peyda olub. Nissan Patrol modelinin salonunda sırıqlı dəri ilə üzlənmiş və yeni profilə malik olan oturacaqları, həmçinin dəri ilə üzlənmiş sükan çarxını görmək olar. Əlavə ödənişlə ön oturacaqları havalandırma sistemi və elektriklə tənzimlənən bel dəstəyi ilə təchiz etmək olar. Görünüşü dəyişdirilmiş ön paneldə iki displey yerləşdirilib: yuxarıdakı displey naviqasiya sistemi, aşağıdakı isə, avtomobilin sistemlərinin idarə edilməsi üçün nəzrdə tutulub.
Yenilənmiş Nissan Patrol modelinin aktiv təhlükəsizlik sistemləri Nissan Intelligent Mobility “çətiri” altında toplanıblar. Bu sistemlərin arasında yeni olanlar piyadaları aşkar edib təcili əyləcləməni həyata keçirən və öndən toqquşmaları xəbərdar edən “ağıllı” sistemlər vardır.
Avtomobil standart olaraq 275 at qüvvəsi və 394 Nm fırlanma anı hasil edən 4,0-litrlik V6 mühərriki təchiz edilir. Əlavə ödənişlə, 400 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,6-litrlik V8 mühərrikini də sifariş etmək olar. V8 mühərriki ilə təchiz edilmiş ofrouderlər üçün HBMC (Hydraulic Bodu Motion Control) əyilmələrə qarşı mübarizə aparan sistem əlçatandır. Ofrouder dartmaya nəzarət rejimlərinin dəyişdirilməsi düyməsi olan All-Mode 4X tam çəkiş sistemi ilə standart olaraq təchiz edilir.