Nissan Versa yapon istehsalçısının model xəttindəki ən yığcam və ucuz sedandır. Hazırkı model 2019-cu ildən bəri istehsal olunur. Versa Amerikada debüt etsə də, onun Sunny və Almera adlanan versiyaları Cənub-Şərqi Asiya bazarları üçün Tayland və Malaziyada da istehsal olunur. İndi isə, modelin planlaşdırılmış modernizasiyasının vaxtı gəlib çatıb. Yenilənmiş sedanın nümayişi də ABŞ-da keçirilib.
Yeniləməyə o qədər də çox pul xərclənilməyib: kuzov və hətta optika əvvəlki kimi qalıb, arxa tərəfə isə ümumiyyətlə toxunmayıb. Radiator barmaqlığı ilə birlikdə yalnız ön bamper dəyişdirilib ki, bu da yanlardakı əlavə xrom bəzəklər sayəsində vizual genişliyi təmin edir. Belə həlldən ilk dəfə Çində satılan Nissan Altima sedanında istifadə edilib. Yeni təkər diskləri də peyda olub.
Salondakı dəyişikliklər də minimaldır. Mərkəzi konsolun əsası yenidən işlənib - indi orada qadcetlərin simsiz doldurulması üçün platforma mövcuddur. Daha böyük mərkəz dirsəkaltı, top versiyada isə səkkiz düymlük ekranı (əvvəllər maksimum yeddi düym idi) və Wi-Fi ötürücüsü olan yeni media sistemi peyda olub. Baza təchizatı zənginləşib: avadanlıq siyahısına avtomatik əyləcləmə, yol nişanlanmasına nəzarət funksiyası və avtomatik uzaq işıqlar daxil edilib. Yeniliklər arasında geriyə hərəkət zamanı avtomatik əyləcləmə funksiyası da var.
Texniki dəyişiklik yoxdur . ABŞ-da satılan Versa alternativsiz 124 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki, beş pilləli mexaniki ötürmələr qutusu və ya variator ilə təchiz edilir. Qeyd etmək lazımdır ki, Asiyada satılan sedanlar turbomühərriklə də təklif edilirlər. Üstəlik, modifikasiyadan asılı olmayaraq arxa əyləclər baraban tiplidirlər.
ABŞ-da satılan yenilənmədən öncəki Nissan Versa sedanının satış qiyməti 15580 dollardan başlayır. Çox güman ki, yenilənmiş Versa modeli avadanlıq siyahısının genişləndirilməsi sayəsində bir qədər bahalaşacaqdır. Yenilənmiş sedanlar payızın sonuna qədər bazara çıxmalıdırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.