Avstraliyanın "Drive" nəşri yenilənmiş Porsche 911 GT3 RS modelinin rəsmi şəkillərini dərc edib. Bununla bərabər nəşr avtomobil haqqında müəyyən məlumatları da dərc edib. Lakin, sonradan bu məlumatlar saytdan silinib.
Bununla belə, sportkarın daha güclü mühərriklə təchiz edildiyi və yenidən tənzimlənmiş tam idarələnən şassiyə, həmçinin yaxşılaşdırılmış dinamikaya malik olacağı məlum olub. Yenilənmiş 911 GT3 RS modeli 4,0-litrlik oppozit mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı 521 at qüvvəsi hasil edəcəkdir ki, bud a yenilənmədən əvvəlkindən 21 at qüvvəsi çoxdur. Mühərrik yeddi pilləli robotlaşdırılmış transmissiya ilə birlikdə çalışacaqdır.
Avtomobil aerodinamikasını yaxşılaşdırmaq məqsədi ilə, onu yeni ön və arxa bamperlə təchiz etmiş, hava girişlərinin və arxa antiqanadın formasını dəyişmişdirlər. Bundan başqa, “bərkgedən” sportkar öndə 265/35 ölçülü təkərlər ilə təchiz edilən 20-düymlük, arxada isə 325/30 ölçülü təkərlər ilə təchiz edilən 21-düymlük təkər disklərinə sahib olub.
Opsional olaraq Porsche 911 GT3 RS modeli Clubsport dəsti ilə təklif ediləcəkdir. Bu dəstə alüminium təhlükəsizlik karkası, 6-nöqtəli kəmərlər və yanğınsöndürən balon daxildir. Xatırladaq ki, cari 500 at qüvvəli 911 GT3 RS modeli 100 km/saat həddinə 3,3 saniyəyə sürətlənir. Onun maksimal sürəti 330 km/saat təşkil edir.