Dəyişikliklər nöqtə xarakteri daşıyır - modelin xarici görünüşü radiator barmaqlığının yeni naxışı sayəsində yüngül şəkildə dəyişib, ön optikada əvvəlkindən üç dəfə çox LED var, disklər indi 21 düymlük ola bilərlər. Salonda 11,4 düymlük displey peyda olub. Hələlik yalnız Avropa bazarı üçün nəzərdə tutulmuş krossover nümayiş etdirilib. Burada 2024-cü model ilinin Range Rover Evoque krossoveri 49,8 min avrodan başlayan qiymətlərlə satılacaq.
Yenilənmiş Evoque, hər biri ayrı-ayrılıqda idarələnən dörd piksel modulu olan ön LED fənərləri alıb. Kuzovun rəng palitrasına Tribeca Blue, Corinthian Bronze və Arroios Grey adlandırılmış üç yeni çalar əlavə edilib. Əsas dəyişiklik salonda baş verib - burada Velar modelindəki kimi üfüqi yönümlü planşet peyda olub. “Planşet” ön panelin mərkəzində yerləşir, lakin ona inteqrasiya olunmayıb. Fiziki düymələrin sayı minimuma endirilib, transmissiyanın selektoru isə, artıq yeni dizayna malikdir.
Yenilənmiş krossover Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən və səslə idarəetməyə (buna Alexa səsli köməkçisi cavabdehdir) malik olan Pivi Pro 2 məlumat-əyləncə sisteminin ən son versiyasını alıb. Bundan əlavə, salonda karbon qazının səviyyəsini daim nəzarətdə saxlayan Cabin Air Purification Plus hava təmizləmə sistemi də artıq Evoque üçün əlçatandır.
Avropada 2024-cü model ilinin krossoveri S, Dynamic SE, Dynamic HSE və Autobiography təchizat səviyyələrində təklif olunacaqdır. Mühərrik çeşidinə həcmi 1,5 litr olan üçsilindrli aqreqat daxildir - o, həm mülayim hibrid (160 at qüvvəsi), həm də plagin hibrid güc qurğusunun (309 at qüvvəsi) bir hissəsi kimi təklif olunur. 2,0-litrlik benzin və dizel mühərrikləri olan "mülayim" hibridlər də var - birinci halda hasilat 249, ikinci halda isə 163 və ya 204 at qüvvəsidir.
Avropada yenilənmiş Range Rover Evoque modelinə sifarişlər artıq qəbul olunur. ABŞ bazarında satılacaq krossoverin qiymət, təchizat və modifikasiyalarının yaxın vaxtlarda açıqlanacağı bildirilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.