Dacia/Renault Duster krossoverinin ilk nəslinin istehsalına bütün dünya üzrə son verilib. Lakin onun variantlarından biri hələ də buraxılır – bu, 2015-ci ildən Braziliyada istehsal edilən Renault Duster Oroch pikapıdır. Özü də, şirkət Duster modelinin ikinci nəslinin əsasında bənzər pikapı inşa etməyə tələsmir. Bunun əvəzinə Renault şirkətinin Braziliyadakı nümayəndəliyi mövcud olan pikapın restaylinqini həyata keçirib.
Təqdimatın keçirilmədiyinə baxmayaraq, yenilənmiş pikapların seriya istehsalına start verilib: seriya avtomobilləri Argentinanın limanlarından birində casuslara rast gəlib. Oroch pikapının ciddi şəkildə modernləşdiriləcəyi barədə şayiələr şişirdilibmiş, şəkillərdən də göründüyü kimi, restaylinq təvəzökar xarakter daşıyır: birinci nəsil Duster modeli o dəqiqə tanınır. Pikapın yalnız aerodinamik dayağı dəyişdirilib: bamperlər, radiator barmaqlığı, təkər tağlarının örtmələri, damdakı reylinqlər yenidən nəzərdən keçiriliblər. Arxa fənərlər isə “şəffaflaşıblar”.
Pikapın interyer şəkilləri dərc edilməyib, lakin salondakı əsas yeniliyin müasir multimedia sisteminin olacağı gözlənilir. İlkin məlumata görə, sabitləşdirmə sistemi baza təchizatına daxil olacaqdır. 120 at qüvvəli 1,6-litrlik baza mühərriki yerini qoruyacaq, 2,0-litrlik atmosfer mühərriki isə öz yerini bizə yaxşı tanış olan 1,3-litrlik turbomühərrikə verəcəkdir. Bu yaxınlarda turbomühərriki Braziliyada buraxılan ikinci nəsil Duster modelinə quraşdırmağa başlayıblar. Yerli versiyada mühərrik 170 at qüvvəsi hasil edir.
Bu günə qədər Duster Oroch yalnız Cənubi Amerikada satılırdı, lakin yenilənmədən sonra onun satış coğrafiyası genişlənəcəkdir. Məsələn, pikap Afrika qitəsində satılmağa başlanacaqdır. Daha ətraflı məlumat pikapın yaxın vaxtda keçiriləcək təqdimatı zamanı veriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.