Yenilənmiş Skoda Karoq krossoverinin təqdimatı 30 noyabr tarixində keçirilməlidir. Lakin bir neçə gün bundan öncə, İspaniyanın Motor.es nəşri yenilənmiş modelin kamuflyajsız şəkillərini əldə etməyə müvəffəq olub. Şəkillərdəki krossover yeni narıncı rəngli kuzova, radiator barmaqlığının yeni tərtibatına və yenilənmiş işıq texnikasına malikdir.
Skoda Karoq modeli artıq dörd ildir ki, satışdadır və onun plan üzrə yenilənməsinin vaxtı çatıb. Artıq məlumdur ki, krossoverin həm eksteryeri, həm də interyerində dəyişiklik olacaqdır. Yenilənmiş Karoq modelinin təkmilləşdirilmiş multimedia sisteminə sahib olacağı məlumdur. Bununla belə, sistemin ekranının yerləşməsində dəyişiklik olmayacaqdır – displey indiki Karoq modelində olduğu kimi ön panelə quraşdırılacaqdır.
Bundan başqa, yenilənmiş krossover tərtibatı dəyişdirilmiş radiator barmaqlığına, işıq texnikasına və təkər disklərinə sahib olacaqdır. Ümumiyyətlə, eksteryerdə radikal dəyişikliklər baş verməyib.
Mühərrik çeşidində dəyişikliyin olacağı gözlənilmir. Əvvəllər krossoverin hibrid güc qurğusunu alacağı söylənilirdi. Belə bir versiyanın sonradan modifikasiya çeşidinə daxil edilməsi ehtimalı da var. Yaxın zamanlarda “qaynar” RS-versiyasının təklif ediləcəyini də gözləmək lazım deyil.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.