Tezliklə Skoda Kodiaq modelinin beş yaşı tamam olur. Çex markasının ilk krossoveri 2016-cı ilin sentyabrında debüt edib. Bu müddət ərzində 60 ölkədə 600 mindən çox Kodiaq modeli satılıb. Beş il konveyer həyatı kifayət qədər uzun müddət olduğu üçün, krossover planlaşdırılmış yenilənmədən keçməlidir. Bir müddət bundan öncə, çex istehsalçısı yenilənmiş krossoverin yüngül kamuflyaja malik olan şəkillərini də dərc edərək modeli yeniləyəcəyini bildirmişdi.
İndi isə, yenilənmiş Kodiaq modelinin debüt tarixi bəlli olub - 13 aprel. Hələlik isə, Skoda şirkəti restaylinq keçmiş avtomobilin dizaynı barədə təsəvvür yaradan bir neçə eskizi dərc edib. Dəyişikliklər o qədər də ciddi xarakter daşımasa da, yenə də onların nəzərəçarpacaq olacağı gözlənilir.
Məsələn, ikimərtəbəli ön fənərlərin forması dəyişəcək (yuxarı hissə bir qədər daralacaqdır), radiator barmaqlığının bucaqları artacaq, ön bamper isə yeni tərtiba malik olacaqdır. Arxa fənərlər də yenilənib: onlar mürəkkəb xətləri olan çıxıntılı formaya sahib olublar.
Əlbəttə ki, restaylinq Kodiaq modelinin interyerinə və mühərrik çeşidinə də təsir göstərəcəkdir: ilkin məlumata görə, krossoverin qoşulan hibrid modifikasiyası, habelə 240 at qüvvəli 2.0 TSI benzin turbomühərriki ilə hərəkətə gələn “qaynar” Kodiaq RS versiyası da olacaqdır. Ətraflı məlumat daha sonra açıqlanacaqdır.