Juniper layihəsi üzərindəki sirr pərdəsi nəhayət ki, götürülüb. Yenilənmiş Model Y elektrik krossoverinin premyerası ABŞ-da deyil, tam olmayan 2024-cü ildə 400 mindən çox elektrik krossoverinin satıldığı Çində baş tutub. Model Y bamperlərin yenidən işlənmiş dizaynını və Model 3 modelinin interyerini alıb. Ən güclü versiya 450 at qüvvəsinə malikdir, onun maksimal yürüş məsafəsi isə, 719 kilometrə çatır. Çatdırılmalara mart ayında başlanmalıdır.
Tesla Model Y modelinin ön hissəsi Cybertruck elektrik pikapının ruhunda tərtibata malikdir. İndi onun yuxarı hissəində gündüz hərəkət işıqlarının nazik LED bloku var, əsas faralar isə, bir qədər aşağı yerləşdiriliblər.
Feyslift aerodinamik müqavimət əmsalını bir qədər azaltmağa imkan verib - əvvəlki 0,23-dən 0,22-ə qədər. Arxa tərəfdə kuzovun eni boyunca uzanan vahid fənər və kiçik spoyler var. Model Y həmçinin yeni 19 və ya 20 düymlük təkər disklərinə, habelə kuzovun yeni mavi rənginə sahib olub.
Yeni modelin uzunluğu 4797 millimetrdir ki, bu da sələfində olduğundan 47 millimetr çoxdur. Krossoverin eni 1920 millimetr, hündürlüyü - 1624 millimetr, təkər bazası isə, 2890 millimetrdir
Salonda AMD Ryzen prosessoruna əsaslanan multimedia sisteminin 15-düymlük ekranı var. Ənənəvi olaraq, cihazlar panelinin ayrıca ekranı yoxdur: bütün məlumatlar mərkəzi monitorda göstərilir. Mərkəzi tuneldə heç bir idarəetmə elementi yoxdur, buradakı məkan simsiz doldurma sisteminə və saxlanc qutularına verilib.
Bundan əlavə, Tesla oturacaqları daha rahat edib: arxa oturacaqlar 15 millimetr uzadılıb, başlıqlar 17 millimetr genişləndirilib, elektrik ötürməsi təkmilləşdirilib. Panoram dam indi gümüşü rəngli örtüyə malikdir və audio sistemi 16-ya qədər dinamiklə təchiz oluna bilər.
Elektron köməkçilər AI4 avadanlığına - təkmilləşdirilmiş sensorlar və kameralara və yeni, daha dəqiq işləyən radara əsaslanır. “Car News China” nəşrinin bildirdiyinə görə, Tesla 2025-ci ildə Çində satılan yenilənmiş Model Y modelində özünün FSD (Full Self-Driving) sistemini tətbiq edə bilər. Bu, ən qabaqcıl Tesla avtopilotudur, lakin o, SAE təsnifatına əsasən hələ də 2+ səviyyəsinə malikdir və əlləri sükandan çəkməyə imkan vermir.
Model Y krossoverinin arxa ötürməli baza versiyası 299 at qüvvəli yeganə elektrik mühərriki ilə təchiz edilib. Bu elektromobil sıfırdan 100 km/saata 5,9 saniyəyə sürətlənir. CATL şirkətinin 62,5 kilovat/saatlıq batareyası Çinin CLTC dövrünə əsasən 593 kilometrə qədər yol qət etməyi təmin edir – bu, əvvəlki versiyadakından 39 kilometr çoxdur.
Tam ötürməli krossover iki mühərriklə təchiz edilib: arxa mühərrik 264 at qüvvəsi, ön mühərrik isə 186 at qüvvəsi hasil edir. Ümumi hasilat 450 at qüvvəsi təşkil edir. LG şirkətinin NMC (nikel-manqan-kobalt) batareyası 78,4 kilovat/saat tutuma malikdir.
Maksimal yürüş ehtiyatı CLTC dövrünə əsasən 719 kilometrə (yenilənmədən əvvəlki krossoverlə müqayisədə +31 kilometr) çatır və belə Model Y krossoveri 100 km/saata 4,3 saniyəyə sürətlənməlidir.
Arxa ötürməli Model Y krossoverinin Launch Edition indeksli “xoşgəldin” versiyasının qiyməti 263 500 yuandan (61 100 manat) başlayır. Model Y 4WD Long-Range Launch Edition versiyası isə, 303 500 yuana (71 370 manat) başa gələcək. Yenilənmə qiymətlərin təxminən 4-6 faiz artımına səbəb olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.