Bu gün İnternet şəbəkəsində təqdimatı gözlənilən yenilənmiş Toyota HiLux pikapının şəkilləri peyda olub. Bu şəkillərin Asiya və Afrika bazarları üçün hazıranmış reklam kitabçasından olduğu iddia edilir.
Təqdim olunan şəkillərdən göründüyü kimi, yenilənmiş HiLux modelinin eksteryeri sələflərindən xeyli fərqlənəcəkdir. Məsələn, müxtəlif təchizat səviyyələri üçün iki variantda ön fənərlər mövcud olacaqdır - halogen və tam LED. Belə ki, LED fənərlər işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqlarına və dönmə siqnallarına malik olacaqdırlar.
Eyni zamanda, şəkillərdə yenilənmiş Toyota HiLux modelinin yeni kuzov rənglərinə sahib olacağını da görmək olar. Bunlara misal kimi, tünd-göy, bürünc və ya ağ miravari rənglərini göstərmək olar. Bundan əlavə, yenilənmiş pikap üçün 17 və 18 düymlük yeni alüminium təkər diskləri də nəzərdə tutulub.
Yenilənmiş Toyota HiLux modeli yenilənmiş mühərriki də əldə edəcəkdir. Şayiələrə görə, 177 at qüvvəli 2,8-litrlik dizel mühərriki daha güclüsu ilə əvəzlənəcəkdir. Pikapın top versiyası isə tamamilə yeni altısilindrli dizel mühərrikinə sahib olacaqdır. Yenilənmiş pikapın debüt tarixi açıqlanmayıb. Çox güman ki yenilənmiş HiLux modeli 2020-ci ilin sonuna qədər debüt etməlidir.
Mənbə: Miele Motors