Alman markası yaxın həftələrdə səkkizinci nəsil Golf modelinin yenilənmiş versiyasını təqdim etməlidir. Onun ardınca sonuncu dəfə yenilənəcək “bərkgedən” GTI versiyası işıq üzü görməlidir. Lakin yenilənmiş hetçbekin dizaynı artıq sirr deyil: hot-hetçin görünüşü Las Veqasda keçirilən CES 2024 sərgisində nümayiş etdirilən prototipin multimedia sisteminin ekranında peyda olub.
“Car Crash Review” YouTube kanalında yerləşdirilən videoda göründüyü kimi, yeniləmə ilə Golf GTI diod zolağına birləşən hissəsində daralan yeni formalı ön optikaya sahib olub. Üstəlik, fənərləri birləşdirən zolaq işıqlandırılan Volkswagen loqotipi ilə iki hissəyə bölünür.
Ön bamperin dizaynı bir qədər dəyişib, bununla belə, pətək formasında barmaqlıq və X hərfini əmələ gətirən yan tərəflərdəki LED elementlər yerlərini qoruyublar. Təkər disklərinin dizaynı da dəyişdirilib və indi onlar Skoda Octavia RS hetçbekinin disklərini xatırladırlar.
Qalan cəhətdən yenilənmiş Golf GTİ hetçbeki demək olar ki, dəyişməz qalıb, lakin qeyd etmək lazımdır ki, sərgidə nümayiş etdirilən prototipindəki arxa spoyler, media sisteminin ekranından göstərilən üçölçülü modeldə nəzərə çarpmır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.