Bu il bütöv bir avtomobil sinfinə qeyri-rəsmi olaraq öz adını vermiş əfsanəvi Golf modelinin 50 illik yubileyi qeyd olunur. İlk Volkswagen Golf modeli 1974-cü ilin mart ayının sonunda Volfsburqdakı zavodun konveyerindən çıxıb. O vaxtdan bəri səkkiz nəsildən olan 37 milyondan çox avtomobil istehsal edilib.
2019-cu ildən istehsal edilən səkkizinci nəsil Golf modelinin planlaşdırılan yenilənməsinin isə, modelin 50 illik yubileyinə təsadüf etməsində təəccüblü bir şey yoxdur. Üstəlik, hetçbek və universal kuzovlu modellər eyni vaxtda modernləşdiriliblər.
Yenilənmədən sonra modelin fənərləri bir qədər nazilib, arxa işıqların dizaynı isə dəyişdirilib. Baza versiyasının ön bamperi bir qədər bucaqlı olub, GTI, GTE və R-line idman variantları isə, iri “mötərizələrlə” bəzədilmiş ön bamperi alıblar.
Arxa bamper demək olar ki, hiss olunmayacaq dərəcədə dəyişdirilib. Modelin rəng palitrasına dörd yeni kuzov rəngi, təkər diskləri çeşidinə isə, beş yeni variant əlavə edilib. Volkswagen işıqlanıdırlan opsional ön emblemin təklif edildiyini xüsusilə vurğulayıb.
Yenilənmiş Golf modelinin interyeri CES-2024 sərgisində nümayiş etdirilib. Eyni zamanda, Golf modelinin IDA səs köməkçisinin bir hissəsi olan ChatGPT süni intellektini alacağı da elan edilib. İndi isə, bəzi yeni təfərrüatlar açıqlanıb.
Yeni MIB4 media sistemi 10,4 və ya 12,9 düymlük ekrana malik ola bilər (əvvəllər 8,25 və ya 10 düymlük idi). Əvvəllər olduğu kimi, onun altında səsi və havanın temperaturunu tənzimləmək üçün sensorlu "sürüngəclər" var, lakin indi onlar qaranlıqda işıqlandırılır.
Avtomobil sahiblərinin çoxsaylı tənqidinə məruz qalmış sensorlu düymələri olan opsional sükan çarxı çeşiddən çıxarılıb. Artıq bütün Golf modellərində analoq düymələri olan sükan çarxı quraşdırılır. Standart 10,25-düymlük virtual cihazlar paneli öz yerini qoruyub, lakin indi iki təsvir variantına malikdir – klassik əqrəbli şkalalı və dəbli qrafika ilə.
Güc aqreqatları çeşidi də ixtisara salınıb: baza aqreqatı olan üçsilindrli 1.0 TSI turbomühərriki çeşiddən çıxarılıb. Onu 116 at qüvvəli dördsilindrli 1.5 TSI mühərriki əvəzləyib. Bu mühərrikin 150 at qüvvəli variantı da yerini qoruyub.
Adı çəkilən güc qurğuları 6-pilləli mexaniki transmissiya və ya 7-pilləli DSG “robotu” ilə təchiz edilirər. İkinci halda, Golf yumşaq eTSI hibridinə çevrilir, çünki robotlaşdırılımış ötürmələr qutusuna 48 voltluq startyor-generator quraşdırılıb.
Tam ölçülü eHybrid plagin versiyaları da təkmilləşdiriliblər. 1,4 TSI aqreqatını 6-pilləli DSG “robotu” ilə tandemdə çalışan 1,5 TSI turbomühərrik əvəzləyib. Baza hibrid güclü olmayıb (204 at qüvvəsi), lakin o, 19,7 kilovat/saatlıq (10,6 kilovat/saatlıq əvəzinə) yeni dartma batareyasını əldə edib ki, bu da elektrik ötürməsi ilə qət edilən məsafəni 61-dən 100 kilometrə qədər artırıb.
Şarj qurğusunun gücü də 3,6-dan 11 kilovata yüksəldilib. Güclü Golf GTE hibridi, yuxarıda göstərilənlərin hamısına əlavə olaraq, əhəmiyyətli güc artımını (+27 at qüvvəsi) alıb. İndi o, 272 at qüvvəsinə malikdir ki, bu da “qaynar” Golf GTI modelində olduğundan çoxdur.
Volkswagen Golf GTI modeli də daha güclü olub (245 əvəzinə 265 at qüvvəsi), lakin mexaniki transmissiyadan məhrum edilib. İndi hot-hetç yalnız yeddi pilləli DSG “robotu” ilə təklif olunur.
Maraqlıdır ki, qlobal tendensiyaların əksinə olaraq, Volkswagen şirkəti Golf modeli üçün iki güc versiyasında (116 və 150 at qüvvəsi) təklif olunann 2.0 TDI turbodizelini saxlayıb. 116 at qüvvəli variant yalnız mexaniki transmissiya, 150 at qüvvəli versiyas isə, DSG “robotu” ilə tandemdə çalışır.
Nəhayət, bu gün təqdim olunan bütün yenilənmiş Golf modelləri ön ötürməlidirlər. Ən ekstremal versiya hesab edilən Golf R , eləcə də Golf Alltrack kross-universalı mütləq tam ötürmə sistemi ilə təchiz ediləcəklər, lakin onlar yalnız cari ilin ortasında yenilənəcəklər.
Yenilənmiş "adi" Volkswagen Golf modeli Avropa bazarına yaz aylarında çıxmalıdır. Bu, daxili yanma mühərriki olan sonuncu Golf olacaq, çünki daha sonra bu adın elektromobilə veriləcəyi artıq açıqlanıb.
Yenilənmiş modelin satış qiymətləri hələlik açıqlanmayıb. Yeri gəlmişkən, hazırda Almaniyada restaylinqdən əvvəlki hetçbek üçün ən azı 29 300 avro istəyirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.