Volkswagen şirkəti yenilənmiş Polo model xəttini düz iki ay bundan əvvəl təqdim edib. Yeganə istisna “qaynar” Polo GTI hetçbeki idi. Dünən, “qaynar” hetçbek haqqında yazdığımız məqalənin mürəkkəbi qurumamış (əlbəttə ki, məcazi mənada), bu gün, avtomobilin rəsmi şəkilləri dərc olunub.

Ən maraqlısı odur ki, avtomobilin təqdimatı qeyri-ənənəvi üsulla həyata keçirilib – alman markasının minik avtomobilləri bölməsinin rəhbəri Ralf Brandştetter Polo GTI modelinin şəkillərini Linkedln sosial şəbəkəsində yayımlayıb.

Beləliklə, ehtimal etdiyimiz kimi, hetçbek yenidən işlənmiş ön fənərlər və adi superminidə olduğu kimi, iri arxa fənərlərə sahib olub. Bununla belə, “qaynar” hetçbek GTI indeksli modellərə xas olan qırmızı haşiyələri, səsboğucu sistemin cütlənmiş çıxış borularını və quraşdırılmış LED gündüz hərəkət işıqları olan şanı naxışlı barmaqlığı əldə edib.

Digər diqqət çəkən elementlər arasında ikirəngli iri təkər diskləri, qırmızı supportları olan təkmilləşdirilmiş əyləclər, həmçinin qara rəngə boyanan güzgü gövdələri və dam var.

Ralf Brandştetter Polo GTI modelinin “güclü TSI mühərriki” ilə təchiz ediləcəyini bildirib. İlkin məlumata görə, Polo GTI hetçbeki 204 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik, yeddi pilləli iki muftalı DSG “robotu” ilə təchiz ediləcəkdir.

“Qaynar” hetçbek 100 km/saat həddini 6,5 saniyəyə toplayacaqdır. Əvvəllər Polo GTI modeli altı pilləli mexaniki ötürmələr qutusu ilə də təklif edilirdi. Lakin yenilənmiş “qaynar” hetçbekin belə bir transmissiya ilə təchiz ediləcəyi barədə heç bir məlumat verilməyib.

Avtomobilin interyeri GTI modellərinə xas olan tərtibata malikdir. Burada mərkəzi hissəsi damalı parça ilə üzlənmiş oturacaqları, GTI emblemini daşıyan sükan çarxını, qırmızı tikişləri və eyni rəngdə dekoru görürmək mümkündür.

Bundan başqa, Polo GTI modelinin 10,25-düymlük virtual cihazlar paneli və multimedia sisteminin 9,2-düymlük sensorlu ekranı ilə təchiz edildiyi diqqəti çəkir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen şirkəti yenilənmiş Polo GTI modelini bu ayın axırına kimi təqdim edəcəyini bildirmişdi. Bu gün iyun ayının axırıcı günü olduğu üçün, modelin tam ölçülü təqdimatı keçirilməlidir. Məlumat daxil olduqca, xəbəri yeniləməyə davam edəcəyik.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.