Beş il əvvəl debüt etmiş ikinci nəsil Volkswagen Tiguan krossoveri planlaşdırılan yeniləmədən keçib. İstehsalçı üçün bu yenilənmə ilin ən vacib hadisələrindən biridir: 2019-cu ilin nəticələrinə görə, Tiguan krossoveri Golf modelini belə üstələyərək alman markasının ən çox satılan avtomobili olub.
Volkswagen Tiguan
Son aylarda dərc edilmiş çoxsaylı casus şəkilləri sayəsində modelin eksteryer dizaynı sürpriz olmayıb. Şirkət dizaynerlərinin fikrincə, yeni radiator barmaqlığı yığcam krossoveri, Touareg və Atlas Cross Sport da daxil olmaqla, daha böyük modellər ilə əlaqələndirilməlidir.
Touareg, Passat və Golf modellərindən sonra, Tiguan modeli də matrisalı LED fənərləri əldə edib. Bundan əlavə, arxa fənərlər, bamperlər, marka loqotipləri də dəyişdirilib Arxa fənərlər də işıqdiodlarından hazırlanırlar.
Volkswagen Tiguan R
Tərtibat və avadanlıq baxımından krossoverin salonunun dizaynı, yenilənmiş Volkswagen Arteon modelində olduğu ilə eyni şəkildə yenidən nəzərdən keçirilib. Salonda sensorlu panelləri olan sükan çarxını, klimat-kontrolun sensorlu idarəetmə blokunu, yeni "virtual kokpiti", smartfonların simsiz inteqrasiyasını və səsli komandaların yaxşılaşdırılmış tanınması sistemini dəstəkləyən MIB3 əyləncə kompleksini görmək olar. Opsional avadanlıq siyahısına 480 vattlıq Harman/Kardon səs sistemi də daxil edilibdir.
Volkswagen Tiguan R
Krossoverin mühərrik çeşidi də təkmilləşdirilib. Model xəttinin zirvəsində çoxdan gözlənilən, 320 at qüvvəli 2,0-litrlik turbomühərrik və arxa təkərlər arasında fırlanma anı paylaya bilən yeni tam ötürmə sistemi təchiz edilmiş Tiguan R modeli yerləşib. Krossoverin R-versiyası digərlərindən tənzimlənən amortizatorları və 10 millimetr azaldılmış hündürlüyü olan asqı sistemi, həmçinin hərəkət elektronikasının yarış rejimi ilə fərqlənir.
Bununla yanaşı, "bərkgedən" krossover xüsusi bamperlərə, arxa diffuzora, dörd çıxış borusu olan idman buraxılış sisteminə, 21-düymlük təkər disklərinə, quraşdırılmış başlıqları olan idman oturacaqlarına sahib olub.
Volkswagen Tiguan R
Bundan əlavə, söz verildiyi kimi, yenilənmədən sonra krossover qoşulan hibrid modifikasiyasına da sahib olub. Tiguan eHybrid adlandırılan krossover Golf GTE modelindən tanış olan 245 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilir.
Hibrid krossover 1,4-litrlik benzin mühərrikinin və elektromotorun tam gücü ilə işləməsini təmin edən GTE rejiminə də malikdir. Sırf elektrik ötürməsi ilə Tiguan eHybrid modeli 50 kilometr (WLTP dövrünə əsasən) məsafə qət edə bilər.
Volkswagen Tiguan
İstehsalçı digər mühərriklər barədə məlumatı hələlik açıqlamayıb. Yeganə istisna, Tiguan modelinin təchiz edildiyi dizel mühərrikləri təşkil edir. Golf və Arteon modellərində olduğu kimi, krossoverin də dizel mühərrikləri iki selektiv azot oksidi neytrallaşdırıcısı və AdBlue ikiqat reagent çilənməsi ilə təchiz edilirlər. Yeni Travel Assist köməkçisi də adı çəkilən modellərdən götürülüb. Mövcud elektron köməkçilər daha effektiv olublar - indi sistem piyadaları və yol nişanlarını daha yaxşı tanıyır.
Avropada yenilənmiş krossover dörd əsas təchizat səviyyəsində təklif ediləcəkdir: Tiguan, Life, Elegance və R-Line. Satışların başlanmasına yaxın krossoverin qiymət sihayısı da elan ediləcəkdir.