Volkswagen şirkəti keçən il alman markasının ən çox satılan modeli olmuş Tiguan krossoverini yeniləməyə hazırlaşdığı barədə məlumat vermişik. Restaylinqin gətirəcəyi vacib yeniliklərdən biri də, Tiguan ailəsinin R indeksli "bərkgedən" veriya ilə genişlənməsidir. İlkin məlumata görə, Tiguan R modeli 330 at qüvvəsinə malik olan mühərrik ilə təchiz ediləcəkdir.
Bununla belə, bu modifikasiya ailədəki yeganə "qaynar" krossover olmaya bilər. Volkswagen şirkətinin ABŞ bölməsinin marketinq və strategiya üzrə böyük vitse-prezidenti Heyn Şaferin CarBuzz nəşrinə verdiyi məlumata görə, şirkət hər zaman öz məhsul xəttini, o cümlədən də, güclü mühərriklər vasitəsilə inkişaf etdirmək üçün yeni imkanlar axtarır. Bəzi sızmalara görə, bu axtarışlar Tiguan modelinin yeni, əvvəllər təklif edilməyən modifikasiyalarının yaranmasına gətirib çıxara bilər.
Bu modellərdən biri də Tiguan GTI krossoveri ola bilər - Golf ailəsində olduğu kimi, standart krossover ilə idman xarakterli Tiguan R arasında mövqe tutacaq olan Tiguan GTI modelinin buraxılması, şübhəsiz ki, daha düzgün olar. Volkswagen şirkətinin mövcud olduğu bəzi ölkələrdə, 330 at qüvvəli krossover kütləvi bazar üçün çox baha ola bilər. Bu isə, Tiguan GTI modelini potensial alıcılar üçün daha cəlbedici edə bilər.
Əgər bu şayiələrin əsası varsa, onda belə bir krossoveri gələn ildən tez gözləməyə dəyməz: 2020-ci ilin əsas hadisəsi ciddi şəkildə yenilənmiş Tiguan modelinin təqdimatı olacaqdır.