Çində uzunluğu 4,7 metr olan yeni nəsil Beijing BJ30 krossoveri debüt etməyə hazırlaşır. Nəsil dəyişikliyi ilə o, köklü şəkildə dəyişib və indi bu yaxınlarda növbəti nəslə keçmiş “böyük” BJ40 modelinin kiçildilmiş nüsxəsini xatırladır.
BJ30 modelinin ikinci nəsli təkmilləşdirilmiş ön optikası, başqa bamperi və şaquli fənərləri olan ön hissəsi ilə seçilir. Krossoverin interyeri hələlik nümayiş olunmayıb, lakin orada da dəyişikliklərin baş verəcəyi şübhəsizdir - virtual cihazlar paneli və multimedia sisteminin böyüdülmüş ekranının peyda olacağı gözlənilir. “AutoHome” saytınının məlumatına görə, yeni interyerin ən maraqlı cəhətləri iki səviyyəli mərkəzi tunel və transmissiyanın yeni yığcam selektoru olacaq.
BAIC hələlik yeni BJ30 modelinin bütün texniki xüsusiyyətlərini dərc etməyib, lakin Çin sertifikatlaşdırma agentliyi sayəsində onun vacib parametrləri artıq məlumdur. Məsələn, krossoverin uzunluğu 4730 millimetr, eni – 1910 millimetr, hündürlüyü isə, 1790 millimetrdir. Təkər bazasının ölçüsü 2820 millimetr, giriş bucağı 25°, çıxış bucağı isə 30° təşkil edir. Krossover 18-düymlük disklərə taxılmış 235/65 R18 ölçülü yüksək profilli şinlərə malikdir. Xatırladaq ki, BJ30 modelinin birinci nəslinin uzunluğu 4,5 metr idi.
Mühərrikə gəlincə, əgər sertifikatlaşdırma sənədlərinə inansaq, Beijing BJ30 Çində gücü əvvəlki 156-dən 188 at qüvvəsinə yüksəldilmiş 1,5-litrlik turbomühərriklə təklif ediləcək. Alternativ kimi, bu mühərrikin gücü 158 at qüvvəsinə qədər azaldılmış versiyasına əsaslanan hibrid güc aqreqatı təklif olunacaq.
Cari Beijing BJ30 modeli 2020-ci ildən satışdadır və öz növbəsində 2015-ci ildən satışda olan BJ20 modelinin yenilənmiş versiyasıdır. İkinci nəsil Bejing BJ30, əslində növbəti sinfə qədəm qoyub və Haval Dargo/Dagou və Jetour T2/Traveller krossoverləri ilə rəqabət aparacaq.Yeni BJ30 gələn ay Pekin avtosalonunda debüt edə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.