Görünən odur ki, qatlanan sərt damı olan kupe-kabrioletlər dəbdən düşürlər. BMW 4 Seies kabrioleti artıq ənənəvi yumşaq dama qayıdıb, indi isə bu həlldən yeni Ferrari Roma Spider kabrioletində istifadə olunub. Yumşaq damı olan sonuncu önmühərrikli Ferrari modeli 1969-1973-cü illərdə buraxılmış 365 GTS/4 kabriolet idi. Cari Ferrari California (2008) və Ferrari Portofino (2017) modellərinin damı isə sərtdir.
Artıq Ferrari Portofino M kupe-kabrioleti təqaüdə göndərilir. İtalyan şirkəti yumşaq örtüklü Ferrari Roma Spider kabrioletinin əslində 15-illik California modelinin təkamülü olan bu kupe-kabrioletin yerini tutacağını bildirib. 2019-cu ildə debüt etmiş Ferrari Roma kupesi də model cərgəsində qalır.
Yeni yumşaq damın əvvəlki Webasto sərt damı ilə eyni səviyyədə akustik rahatlığı təmin etdiyi bildirilir. Yumşaq dam qara və ya tünd qırmızı parçada ola bilər. Damı 60 km/saata qədər sürətlərdə qatlamaq olar, bütün proses 13,5 saniyə çəkir. Yumşaq dam qatlandıqda 220 millimetr qalınlığında “sendviçə” çevrilir. Baqajın tutumu qaldırılmış damla olan variantda göstərilib: 255 litr.
Baza kupesi kimi, Roma Spider də “2+” oturacaq düsturuna malikdir, yəni ikinci sırada oturacaqlar olsa da, orada hətta uşaqlar üçün kifayət qədər yer yoxdur. Bununla belə, Spider kupedə olmayan arxa baş dayaqlarına sahib olub. Onların arxasında, qaldırıldıqda salondakı turbulentliyi azaldan ekran gizlənir. Ön oturacaqlar üçün "hava şərfini" də sifariş etmək olar. Salonun qalan hissəsi kupedəki ilə eynidir.
Texniki cəhətdən kupe və spider eynidir. Roma, 620 at qüvvəsi və 760 Nm fırlanma anı hasil edən 3,9-litrlik V8 biturbomühərriki ilə təchiz olunur. Üstəlik, məhz kabrioletdə gələcəkdə bağlı versiyada da quraşdırılacaq yeni yağ nasosu peyda olub.
Tranmsissiya - iki muftalı səkkiz pilləli robotlaşdırılmış ötürmələr qutusudur. Yeri gəlmişkən, mühərrik yalnız yeddinci və səkkizinci pillələrdə maksimal 760 Nm hasil edir: aşağı pillələrdə isə dartma qüvvəsi məcburi şəkildə məhdudlaşdırılır.
Baqajın qapağındakı qara əlavə yuxarı qalxan antiqanaddır. Onun üç iş mövqeyi var: birincisi 100 km/saatın üzərindəki sürətlərdə istifadə olunur, ikinci - 300 km/saatdan sonra, üçüncüsü isə magistrallarda aktiv idarəetmə üçün nəzərdə tutulub. Ən aqressiv üçüncü mövqedə, 250 km/saat sürətilə hərəkət zamanı antiqanad 95 kiloqram yerəbasma gücü hasil edir və aerodinamik müqaviməti cəmi 4% artırır.
Yeni modelin boş çəkisi Roma kupesindəki 1472 kiloqrama qarşı 1556 kiloqram təşkil edir. Amma ən maraqlısı odur ki, yumşaq damlı Roma Spider kabrioleti Portofino M kupe-kabrioletindən 11 kiloqram ağırdır!
Buna baxmayaraq, kabriolein dinamikası daha yaxşıdır: 100 km/saata sürətlənmə müddəti 3,45-dən 3,4 saniyəyə, 200 km/saata isə 9,8-dən 9,7 saniyəyə endirilib. Maksimum sürət də eynidir – yəni, “320 km/saatdan çoxdur”. Daha yüngül Roma kupesi 200 km/saat həddinə 9,3 saniyəyə sürətlənir.
Ferrari Roma Spider superkarlarının satışına cari ilin yay aylarında start veriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.